Parisdə UNESCO-ya üzv ölkələrin milli komissiyalarının 10-cu regionlararası iclası keçirilib. UNESCO Baş Konfransının 42-ci sessiyası çərçivəsində təşkil olunan iclasda təşkilatın rəhbər heyəti və nümayəndələri, UNESCO üzrə milli komissiyaların baş katibləri iştirak ediblər.
Azadmedia.az xəbər verir ki, iclasda 2022-ci il ərzində UNESCO üzrə milli komissiyalar tərəfindən həyata keçirilmiş layihələrə və fəaliyyətlərə dair illik hesabatların təqdimatı keçirilib, ikitərəfli və çoxtərəfli əməkdaşlıq təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb. UNESCO üzrə milli komissiyaların təşkilatın layihə və fəaliyyətinə verdikləri dəstək xüsusi qeyd edilib.
Belə ki, iclas çərçivəsində UNESCO tərəfindən nəşr edilən “UNESCO üzrə Milli Komissiyalar” adlı illik hesabat jurnalının təqdimatı keçirilib. Hesabat jurnalında Azərbaycanın UNESCO üzrə Milli Komissiyası tərəfindən 2022-ci il ərzində həyata keçirilən layihələr və fəaliyyətlər barədə ətraflı məlumat verilib. 2022-ci il avqustun 26–dan sentyabrın 5-dək Bakı və Şuşa şəhərlərində müxtəlif ölkələrdən olan 16 gənc rəssam üçün həyata keçirilmiş “Gənclər üçün incəsənət düşərgəsi” layihəsindən bəhs olunub. Həmin il dekabrın 7-dən 8-dək 10 müxtəlif ölkədən gəlmiş 20 ekspertin iştirak etdiyi “Mədəni sərvətlərin qorunmasında UNESCO konvensiyalarının rolu və onların təkmilləşdirilməsinin aspektləri” mövzusunda beynəlxalq konfransdan söz açılıb.
Qeyd edək ki, hesabatda ADA Universiteti və UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birgə təşkilatçılığı ilə Afrikanın 14 ölkəsinin UNESCO üzrə milli komissiyalarının baş katibləri və nümayəndələri üçün təşkil edilmiş təlim proqramına geniş yer verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.