Prof. İbrahim Cəfərov
Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbəri,
AMEA-nın müxbir üzvüUlu Öndər Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən - qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı.
Müasir müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır.
Gərgin və böhranlı vəziyyətdə Azərbaycan xalqı ümidini dahi siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevə bağlamış, 1992-ci ilin oktyabrında bir qrup ziyalımız Ona müraciət edərək Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasını təklif etmişdi. Ulu Öndər ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda YAP-nın yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər partiyanın Sədri seçildi. Ulu Öndərin siyasi peşəkarlığı sayəsində YAP ölkənin ən böyük və effektiv siyasi qüvvəsinə çevrilmişdir. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, çalışdığı dövrdə öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi.
Beləliklə, xalqın tələbi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi və iyunun 24-dən Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. Ulu Öndərin 1993-cü ildə Prezident seçilməsi Azərbaycan xalqını qurtuluşa aparan yolun ilk addımı idi. Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla xidmətin əyani nümunəsini yaratdı. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.
Xalqımız haqlı olaraq Ulu Öndəri Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. Onun rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Ölkəmiz beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ən çətin məqamlarda xalqımız əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və inkişafı ilə bağlı ən düzgün qərar verəcəkdir. Ən önəmlisi isə, xalqla iqtidar arasındakı birlik ölkənin uğurlarının əsas səbəbidir.
Ulu Öndərin dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasıdır. Belə ki, bu mərhələyə təkmil siyasi sistemin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, həmçinin milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın “Azərbaycançılıq” ideologiyasının yaradılması aid edilə bilər. Bundan əlavə, həmin dövrdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini də xüsusi vurğulamaq vacibdir. Əlbəttə ki, bütün bunlar müstəqil Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəliləməsini təmin edən çox mühüm vasitə oldu.
Ulu Öndər dayanıqlı inkişafın bünövrəsini qoydu. Sözsüz ki, 1993-2003-cü illərdə ölkəmizin sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Heç şübhəsiz, ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır. Elə həmin vaxt görülmüş işlər sayəsində, ölkəmiz inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi.
Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı həyata keçirilən ilk tədbirlər və hazırlanan Dövlət Proqramları bilavasitə Ulu Öndərin gərgin əməyinin nəticəsidir. O, qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ərazilərə daim baş çəkirdi, xarici səfərləri zamanı onların vəziyyətinin dünya ictimaiyyətinə çatdırılmasına çalışırdı. Həmçinin ölkəyə gələn bütün nümayəndə heyətlərinin rəhbərlərinin, xarici ölkələrin başçılarının məcburi köçkünlərin yaşayış tərzi ilə mütləq tanış olmaları Ulu Öndər tərəfindən bir vəzifə kimi qarşıya qoyulmuşdu.
Əlbətdə ki, milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində çox nadir rast gəlinən unikal haldır. Qürurla deyə bilərik ki, bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin özünəməxsus yeri vardır. Ümummilli lider fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.