Neft sektorunda dövlətin sərvətlərini talayan və sonda həbs edilən Adnan Əhmədzadə nümunəsi bir daha sübut etdi ki, korrupsioner məmur və maxinatorların aqibəti dəyişməzdir – onlar gec-tez ifşa olunur və cəzalandırılır. Lakin görünür, bəzi dairələr bu ibrətlik sonluqdan nəticə çıxarmayıb.
Bu gün oxşar, hətta daha təhlükəli vəziyyət su və meliorasiya sektorunda hökm sürür. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi faktiki olaraq “ailə mülkünə” çevrilib. Bu qurumun rəhbəri Zaur Mikayılov və onun qudaları – saxta diplomlu Fuad Quliyev və Əsəd Şirinov ölkənin strateji əhəmiyyətli su təsərrüfatını şəxsi bizneslərinə alət ediblər.
Onlar dövlətin çörəyini yeyib dövlətə xəyanət edirlər. Qudaların yarıtmaz, naşı və korrupsioner idarəçiliyi nəticəsində paytaxt və bölgələrdə əhali aylarla susuz qalır; yağış yağan kimi şəhərlər su altında qalır; fermerlər və kəndlilər suvarma suyuna həsrət qalır; iqtisadiyyata, sosial həyata və dövlətin imicinə ciddi zərbə dəyir.
Ən acınacaqlısı isə odur ki, onlar bu sabotajı bilərəkdən, tender maxinasiyaları və özəlləşdirilmiş biznes sxemləri ilə həyata keçirirlər. Bütün böyük layihələr özlərinə və yaxın tərəfdaşlarına verilir, milyonlar talan olunur, nəticədə isə ortada heç bir real iş qalmır.
Çətinə düşəndə, quyruqları qapı arxasında qalanda trollarla manipulyasiya və nüfuzlu şəxsləri bədnam etmək ən yaxşı bacardıqları işdir.
Jurnalist Elşad Məmmədlinin qeyd etdiyi kimi, bu “üçlük” media və ictimai tənqidlərdən yayınmaq üçün trollar ordusundan istifadə edir. Onlar guya ADSEA rəhbərliyinin arxasında yüksək vəzifəli şəxslərin dayandığını iddia etməklə cəmiyyəti aldatmağa, dövlət rəhbərliyini çaşdırmağa çalışırlar. Əslində isə həmin şəxslərin bu korrupsiya bataqlığı ilə heç bir əlaqəsi yoxdur, onların adını sadəcə çirkli oyunlarına alət edirlər. Bu, açıq-aşkar iftira və nüfuzdan salma kampaniyasıdır.
Unutmaq olmaz ki, illər əvvəl Adnan Əhmədzadə haqqında da media ardıcıl yazırdı. Onun trolları isə həqiqəti ört-basdır edir, “işgüzar imic” formalaşdırmağa çalışırdılar. Amma sonda həqiqət qalib gəldi. Bu gün ADSEA rəhbərliyi də eyni yolu gedir: korrupsiya faktlarını gizlətməyə çalışır, amma susuz qalan kəndlilər, çürüyən əkinlər və su basmış şəhərlər həqiqəti üzə çıxarır.
Əgər müvafiq dövlət qurumları vaxtında tədbir görməsə, Zaur Mikayılov, Fuad Quliyev və Əsəd Şirinov da Adnan Əhmədzadənin taleyini paylaşacaq. Bu, təkcə zəruri yox, həm də qaçılmazdır. Çünki dövlətin strateji sahəsini şəxsi biznesinə çevirənlərin, xalqı susuz qoyanların, milyonları talayanların başqa aqibəti ola bilməz.
Məqalə jurnalist Elşad Məmmədlinin sosial şəbəkə paylaşımına istinadən hazırlanıb.