Azadmedia.az xəbər verir ki, yanvarın 18-də Ədliyyə Nazirliyinin rəsmi “facebook” səhifəsində canlı yayımda “Notariat sahəsində aktual məsələlər” mövzusunda onlayn brifinq keçirilib.
Brifinqdə nazirliyin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin aidiyyəti məsul işçiləri – Notariat idarəsinin rəhbəri Mirağa Abbasov və böyük məsləhətçisi Seymur İsmayılov, baş idarənin Nəzarət-analitik iş üzrə qrup rəhbəri Leyla Bərxudarzadə və Azərbaycan Notariat Palatası idarə heyətinin sədri Hüseyn Məmmədov iştirak ediblər.
120-dək izləyicinin qoşulduğu canlı yayımda vətəndaşlar və media nümayəndələri ilə interaktiv formada sual-cavab sessiyası keçirilərək onları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
Eyni zamanda tikintisi başa çatmayan binaların tərkib hissələrinə münasibətdə hüquqların qeydiyyatında notariusun iştirakı barədə məlumat verilib. Qeyd olunub ki, tikinti ilə məşğul olan sahibkarlar tərəfindən təqdim olunan bölünmə planının və bu plan əsasında bağlanmış müqavilələrin notariat qaydasında rəsmiləşdirilməsi nəticəsində yeni mülkiyyətçinin xeyrinə təminat qeydinin aparılması tikintisi başa çatmamış əmlak obyeklərinin mülki dövriyyəsi üçün əlverişli şərait yaradır. Bununla bağlı sahibkarların notariuslara müraciət olunması tövsiyə edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.