Nizami Kino Mərkəzində Qırğızıstan Respublikasının Azərbaycan Respublikasındakı Mədəniyyət Günləri çərçivəsində “Qırğız Kino Günləri”nin açılış mərasimi keçirildi.
Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Qırğız Mədəniyyəti Günləri davam edir.
Dünən Mədəniyyət Günləri çərçivəsində “Qırğız Kino Günləri”nin açılış mərasimi baş tutdu.Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin müavini Murad Hüseynov Mədəniyyət Günləri çərçivəsində keçirilən “Qırğız Kino Günləri”nin açılış mərasiminə gələnləri salamladı,Azərbaycana dost və qardaş ölkə olan Qırğızıstanın kino sahəsində olan uğurlarından danışdı: - Azərbaycan və Qırğız xalqları eyni kökə, mədəniyyətə, qədim tarixə və dəyərlərə malikdirlər. Son illərdə qırğız kinosunun inkişafını çox diqqətlə izləyirik. Qeyd edim ki, ötən il Bakıda keçirilən III Qorqud Ata Türk dünyası film festivalında “Göksan” kinematoqrafçılarının çəkdiyi “Tanrıverdi” filmi ən yaxşı rejissor nominasıyası üzrə qalib oldu. Qırğızıstanın gənc kinematoqrafçılarının Beynəlxalq Festivallarda qazandığı böyük uğurları bizi çox sevindirir. Onların burada iştirakı kino sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün çox yaxşı fürsətdir. Əminəm ki, hər iki ölkənin kinematoqrafçıları bundan çox faydalanacaqlar.
Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər siyasəti nazirinin birinci müavini Altınbek Maksutbekov Azərbaycan və Qırğızıstan dövlət başçılarının səmimi dostluq münasibətlərinin son illərdə hər iki ölkə arasında olan müxtəlif sahələr üzrə əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verdiyini vurğuladı. Bildirdi ki,iki dost ölkə arasında mədəniyyət sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün münbit şərait var. Bakıda keçirilən Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrin inkişafına əyani sübutdur.
Qırğızıstan Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmanaliyev Bedirbekoviç də öz növbəsində ölkələrimiz arasında əsrlər boyu mövcud olan etnik, mədəni, dini bağlara əsaslanan dostluq münasibətlərindən danışaraq, bu əlaqələrin inkişaf perspektivlərini vurğuladı. Hazırda Azərbaycan ilə Qırğızıstan arasında bütün səviyyələrdə qarşılıqlı anlaşmanın mövcud olduğunu bildirdi.
Sonra, rejissor Ruslan Akunun qısa müddət ərzində Mərkəzi Asiya ölkələrində və Rusiyada uğur qazanmış tammetrajlı “Cənnət anaların ayaqları altındadır” filmi nümayiş olundu.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə aprelin 23-dən 26-dək Azərbaycanda Qırğızıstan mədəniyyəti günləri davam edir.
Bakıya gələn Qırğızıstan nümayəndə heyətinə bu ölkənin mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov rəhbərlik edəcək. Nümayəndə heyətinə Qırğızıstan Qəhrəmanı Medetkan Şerimkulov, ölkənin dövlət dili və dil siyasəti üzrə Milli Komissiyasının sədri Melis Murataliyev, Qırğızıstanın Xalq artistləri Tuqolbay Kazakov, Muratbek Beqaliyev, Kırqızbay Osmonov, həmçinin rəssamlar, dizaynerlər, rejissorlar, cənətkarlar, o cümlədən Abdılas Maldıbayev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrının, Toktoqul Satılqanov adına Qırğıızıstan Milli Filarmoniyasının, Aak-Maral” Dövlət Rəqs Ansamblının, “Muras” Folklor-Etnoqrafik Ansamblının və digər qurumların üzvləri daxildir. Paytaxtda həmçinin qırğız rəssamlarının, milli sənət növlərinin, zərgərlik məmulatlarının, qədim və müasir geyimlərin, həmçinin milli mətbəx nümunələrinin sərgiləri keçiriləcək, qırğız filmlərinnin nümayişi olacaq.
Bu gün aprelin 24-də Heydər Əliyev Mərkəzində Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimləri keçiriləcək.