Masallı, 26 aprel — Azadmedia.azMasallı rayonunda "Statistika anlayışı və statistik məlumatlara giriş imkanları" mövzusunda seminar keçirilib.
Azadmedia.az-ın cənub bürosuna verilən məlumata görə, 26 aprel 2024-cü il tarixində Masallı Rayon Statistika İdarəsi tərəfindən Masallı Dövlət Regional Kollecinin tələbələri üçün "Statistika anlayışı və statistik məlumatlara giriş imkanları" mövzusunda seminar keçirilmişdir.
Seminarı giriş sözü ilə açan idarə rəisi Ramin Bəgəlizadə seminar iştirakçılarını salamlamış və onlara uğurlar arzulamışdır. Statistika orqanlarının hüquq və vəzifələri haqqında məlumatları seminar iştirakçılarının diqqətinə çatdırmışdır.
Kollecin direktor müavini Dilarə Hüseynova çıxışında Statistika İdarəsinin əməkdaşlarından tələbələri maraqlandıran statistik göstəricilər haqqında məlumatları təqdim edərkən, əsasən təhsil statistikası və məşğulluq göstəriciləri üzrə məlumatları seminar iştirakçılarının xüsusilə diqqətinə çatdırmağı xahiş etmişdir.
Seminarda idarə əməkdaşları Elmin Əliyev, İlkin Ağayev, Tərahim Kərimli və Babək Abdullayev tərəfindən Statistika anlayışı, statistikanın prinsipləri, statistik xidmətlər, statistik məlumatların əldə olunması yolları, orta aylıq əməkhaqqının, işsizlik və yoxsulluq göstəricilərinin hesablanması izah edilmiş, rayonun əmək bazarı, məşğulluq və əhalinin demoqrafik göstəriciləri haqqında ətraflı məlumatlar təqdim edilmişdir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.