Bakı, 29 aprel — Azadmedia.az
Türkiyə Səfirliyinin Din Xidmətləri Müşavirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığıyla Bakı şəhəri Şəhidlər məscidində bütün şəhidlərimizin ruhuna ithafən növbəti Qurani-Kərim ziyafəti təşkil olunub.
Tədbiri giriş sözü ilə Türkiyə Səfirliyinin Din Xidmətləri Müşaviri İhsan Açık açıq elan edib. O öz çıxışında Quran ziyafətinin şəhidlərə vəfa olduğunu və onları unutmadığımızın nümunəsi olduğunu qeyd edib. Tükiyədən gələn qonaqları, şəhid və qazi ailələrini salamlayıb. Ay ərzində 425 xətim oxunduğunu bildirib və xətm duası oxunacağını qeyd edib. Quranı oxumaq sünnət, dinləmək fərzdir. Biz unutsaq bizi də unudarlar. Biz xatırlasaq bizi də xatırlayarlar. Dünyada şəhid olan müsəlmanlara da Allahdan rəhmət diləyib. Natiq öz çıxışında Qafqaz İslam Ordusu şəhidlərini, Qarabağ şəhidlərini, Xocalı şəhidlərini, 20 yanvar şəhidlərini, 44 günlük Vətən Müharibəsi şəhidlərini ümumilikdə vətənimizin azadlığı uğrunda canlarını fəda edən bütün şəhidləri rəhmətlə anıb. Hər ayın sonu ənənəvi olaraq Quran ziyafətinin keçirildiyini və bu gözəl ənənənin davam edəcəyini vurğulayıb.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin şöbə müdiri Cahandar Əlifzadə öz çıxışında tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib və bütün şəhidlərə Allahdan rəhmət diləyib. Şəhid və qazi ailələrinə səbir arzulayıb. Türkiyədən gələn qonağı salamlayıb. O öz çıxışında şəhidlər bizim qürur mənbəyimizdir. Onları anmaq, yad etmək hər birimizin borcudur deyib.
Tədbirdə çıxış edən Diyanət İşləri Başqanlığı, Başqanlıq müşaviri, Türkiyə Diyanət Vəqfinin Mütəvəlli Heyət üzvü dosent Fatih Kurt proqram iştirakçılarını salamlayıb, birlik və bərabərliyimiz üçün həmd-sənalar edib. Natiq öz çıxışında şəhidlik zirvəsinin aliliyindən danışıb. Qurani-Kərimdə və Peyğəmbərimizin hədislərində şəhidlik zirvəsindən bəhs edən ayə və hədisləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Şəhidlər Xiyabanını ziyarət edərkən Çanaqqala ruhunun burada da yaşandığını gördüyünü qeyd edib. Tarix boyu qardaşlığımız var olub və hər zaman əl-ələ verib bir-birimizin imdadına çatmışıq. Lazım gəldiyi zaman atalarımız-babalarımız qardaşları üçün canlarından belə keçməyi gözə alıblar. Birliyimiz, bərabərliyimiz, qardaşlığımız daim olsun deyib. Türkiyə Dəyanət İşləri Başqanının salamlarını tədbir iştirakçılarına çatdırıb.
Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə bölgə qazısı, Əjdərbəy məscidinin imamı Azər Nafiyev, Heydər məscidinin imamı Rza Rzayev, Nərimanov rayonu Cümə məscidinin imamı Araz Abdullayev və Sadiq Ramizoğlu öz gözəl Qurani-Kərim qiraətləri ilə Qurani-Kərim ziyafətinə öz töhfələrini veriblər. Bütün qiraətlərdən sonra məscid imamları tərəfindən oxunan ayələrin Azərbaycan dilində məali tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirin sonunda məşhur qarilər tərəfindən sala və ilahilər oxunub. Diyanət İşləri Başqanlığı, Başqanlıq müşaviri Türkiyə Diyanət Vəqfinin Mütəvəlli Heyət üzvü dosent Fatih Kurt tərəfindən bütün şəhidlərimizin ruhuna dualar edilib.
Daha sonra tədbir iştirakçılarına şəhidlərimiz adına ehsan süfrəsi açılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.