Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin 8 may tarixində Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda xüsusi olaraq vurğulamışdır ki, “Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar. Bu illər ərzində əlaqələrimiz surətlə və uğurla inkişaf edib”.
Ümumilikdə Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu mənada Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub, müsbət dinamikası ilə seçilib və möhkəm hüquqi bazaya əsaslanmışdır. 60-dan çox mühüm hüquqi sənədlərin imzalanması, eyni zamanda, əlaqələrimizin çoxşaxəli xarakterindən xəbər verir. Səmərəli əməkdaşlıq ticarət, nəqliyyat, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə özünü biruza verir. Məsələn, müvafiq rəqəmlərə müraciət edəndə məlum olur ki, yalnız 2024-cü ilin birinci rübündə qarşılıqlı ticarət dövriyyəsi dörd dəfə artmışdır və 153 milyon ABŞ dolları təşkil edir.
2023-cü ildə 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Cari ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək ki, bu da Bolqarıstanın qaz istehlakının 50 faizini təşkil edir.
Siyasi sahədə də dövlətlərimizin əməkdaşlığı ən yüksək səviyyədədir. Təsadüfi deyil ki, Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritetli və etibarlı tərəfdaş hesab edir. Məlum olduğu kimi, iki ölkə arasında uzunmüddətli strateji tərəfdaşlıq münasibətləri formalaşmışdır. Bunun hüquqi bünövrəsini isə 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında imzalanmış “Strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamə təşkil edir.
İkitərəfli münasibətlərimizin təhlili birmənalı olaraq sübut edir ki, Azərbaycan-Bolqarıstan əməkdaşlığının böyük perspektivləri var və qarşılıqlı əlaqələrimiz qələcəkdə yeni istiqamətlər üzrə inkişaf edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.