2012–2021-ci illər ərzində Saxara səhrasından daşınan toz Böyük Britaniyada havanın çirklənməsini ən azı 50% artırıb və "qanlı yağışlar" adlanan hadisələrin başvermə ehtimalını yüksəldib. Bu nəticə İsveçrənin Paul Şerrer İnstitutunun alimlərinin Nature jurnalında dərc olunan araşdırmasında yer alıb.
Tədqiqatçılar süni intellektdən istifadə edərək Avropanın 103 şəhər və kənd ərazisində 2012–2021-ci illərdə aparılmış 18,5 mindən çox gündəlik mineral toz ölçməsini təhlil ediblər. Araşdırma göstərib ki, qitənin böyük hissəsində səhradan gələn tozun konsentrasiyası davamlı şəkildə artıb. Böyük Britaniyada isə bu göstərici ən azı 50 faiz yüksəlib.
Alimlərin sözlərinə görə, bunun əsas səbəbi Saxarada toz fırtınalarının sayının artması deyil, onların daha güclü və intensiv olmasıdır. Şimali Afrikada quraqlığın güclənməsi nəticəsində küləklər əvvəlkindən daha çox qum və mineral hissəcikləri Avropaya daşıyır.
Saxara tozu minlərlə kilometr məsafə qət edərək Britaniya adalarına qədər çatır. Bu toz narıncı günbatımları, tutqun səma və tərkibindəki dəmir oksidinə görə pas rənginə çalan "qanlı yağışlar"ın yaranmasına səbəb olur. Belə yağışlardan sonra avtomobillərin, pəncərələrin və digər səthlərin üzərində narıncı izlər qalır.
Mütəxəssislər bildirirlər ki, problemin təsiri yalnız qeyri-adi hava hadisələri ilə məhdudlaşmır. Xırda toz hissəcikləri tənəffüs yollarına dərindən nüfuz edərək öskürək, göz, burun və boğazda qıcıqlanma, nəfəsalma çətinliyi və astma tutmalarının kəskinləşməsinə səbəb ola bilər.
Araşdırma müəllifləri xəbərdarlıq edirlər ki, iqlim dəyişikliyi və Şimali Afrikada səhralaşmanın dərinləşməsi fonunda Saxara tozunun yaratdığı hava çirkliliyi Avropa üçün getdikcə daha ciddi problemə çevriləcək və əhalinin sağlamlığı üçün əlavə risklər yaradacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.