Qaradağ Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Nadir Muradovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Qaradağ Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hakim Şəfa Dadaşova yekunda belə nəticəyə gəlib ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri) maddəsi ilə verilmiş ittiham məhkəmə istintaqı zamanı kifayət qədər dəlil və sübutlar, həmçinin şahid ifadələri ilə təsdiqini tapıb.
Hökmə əsasən Nadir Mudadov 1 il 3 ay azadlıqdan məhrum edilib. O, ötən ilin avqustundan həbs edildiyi üçün 6 ay çəkilməmiş cəza müddəti qalıb.
Qeyd edək ki, ötən ilin noyabrında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Həmin əməliyyatla bir neçə vəzifəli şəxs, o cümlədən 10 il birinci müavin işləyən Nadir Muradov həbs edilib. Həmin hadisədən qısa müddət sonra rayonun icra başçısı Süleyman Mikayılov da vəzifəsindən azad edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.