Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində kompleks tədbirlər icra olunur. Bu tədbirlər çərçivəsində cari ilin “İnvestisiya Proqramı”na əsasən daha bir küçə əsaslı şəkildə təmir edilib. Söhbət Ağa Nemətulla küçəsindən gedir.
Uzunluğu 1.8 km təşkil edən Ağa Nemətulla küçəsində aparılan təmir işləri zamanı mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib, üzərinə tamet daşlar döşənib, küçə boyu hər bir tərəfdə yeni səki daşları düzülüb, xüsusi parkinq yerləri yaradılıb.
Bundan başqa 2 nöqtədə vətəndaşların küçəni daha rahat və təhlükəsiz keçməsini təmin etmək məqsədi ilə yol ayrıcında təhlükəsizlik adacıqları inşa edilib.
Layihə çərçivəsində səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunub, yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub.
Küçə boyu 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.
Son mərhələdə isə küçə zəruri yol nişanları, üfiqi nişanlanma xətləri və piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Nərimanov rayonu ərazisində təmir işlərinin aparıldığı daha bir ərazi Qarabağ küçəsidir. 900 metr uzunluğa malik küçə genişləndirmə işləri aparılmaqla əsaslı şəkildə təmir olunur. Hazırda küçədə asfaltlanma işləri icra olunur.
Ümumilikdə isə cari il ərzində ümumi uzunluğu 11 km-dən çox olan 15-dən artıq küçə və yolun təmir olunması nəzərdə tutulurdu ki, artıq bu çərçivədə işlər tamamlanmaq üzrədir.
Xatırladaq ki, ölkə başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-2020-ci illər ərzində Nərimanov rayonu ərazisində 20 km-dən çox uzunluğa malik küçə və yol təmir edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.