Problemli kreditlər 1,7 milyard manata çatdı - “Məsələnin ağırlığı 4 yerə bölünsün”
2015-ci ildə ölkədə baş verən devalvasiyaların təsirləri həmin dövrlə müqayisədə xeyli azalıb. Amma problemi kerditlər məsələsi hələ də həllini tapmır. Modern.az-ın problemli kreditlərlə bağlı yaranmış suallarını Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli cavablandırıb.
- Əli müəllim, 21 fevral və 21 dekabr 2015-ci il devalvasiyalarından təxminən 3 ilə yaxın vaxt keçir. Hazırda problemli kreditlərin həcmində hansı dəyişikliklər var?
- Azərbaycanın bank sektoru daha çox neft amilinin prioritet təşkil etdiyi mərhələnin, xüsusən də neft bumu mərhələsinin “yetişdirməsidir”. Həmin dövrün prinsipləri, bundan əlavə, həm də yazılmamış qanunları əsasında formalaşıb inkişaf etməyə başlayan bank sistemi 2014-cü ildən neftin qiyməti kəskin surətdə aşağı enəndən və 2015-ci ilin iki şok devalvasiyasından sonra çox böyük problemlər yaşamağa başlayıb. Bankların problemləri arasında 3 məqam-kapitallaşma imkanlarının məhdudlaşması, kredit qoyuluşlarının kəskin surətdə aşağı düşməsi və problemli kreditlərin kəskin surətdə artması daha ciddi narahatlıq yaradır. Devalvasiyadan əvvəl vaxtı keçmiş kreditlər 1 milyard manatın altında olmaqla kredit portfelində payı 5,3 faizi səviyyəsində idi. 2017-ci ildə vaxtı keçmiş kreditlər 1,6-1,8 milyard manat arasına çatmaqla (əslində problem kreditlərlə bağlı real göstəricilər daha yüksəkdir) kredit portfelində payı 22 faizə yaxınlaşıb. Bu il həmin sahədə bir qədər səngimə müşhidə olunur. Bununla belə, vaxtı keçmiş kreditlər 2018-ci ilin yanvar-aprel ayları 2017-сi ilin yanvar-aprel aylarına nisbətən 7,5 faiz artaraq 1,7 milyard manat təşkil edib ki,bu da kredit portfelinin 15 faizindən çoxdur.
- Problemli kreditlər məsələsi gündəmə gələndə bir çox ekspertlər təkliflərlə çıxış etdi. Bu məsələsinin çözülməsi istiqamətində Sizin də təklifləriniz vardı...
- Problemli kreditlərlə bağlı məsələni yumşaldıb, banka borcu olanları düşdüyü borc tələsindən qurtarmadan, bank sektorunda sabitliyi bərpa etmək mümkün deyil. Deputat həmkarım Vahid Əhmədovla birlikdə bu sahənin tanınmış mütəxəssislərinin də fikirlərini almaqla maliyyə sağlamlaşdırılmasına dair “Təkliflər paketi” hazırlayıb aidiyyəti qurumlara göndərdik. Həmin “Təkliflər paketi”ndə maliyyə-bank sistemindəki mövcud və arzuolunan vəziyyət, nail olma yolları, hüquqi və maliyyə təminatı, eləcə də təşkilati tədbirlər öz əksini tapıb. Bir qisim mütəxəssis güzəştlərin olmasını, digər qisim isə problemli kreditlərin silinməsi istiqamətində addımlar atılmasını təklif edir.
- Siz hansı varinatı daha əlverişli hesab edirsiniz?
- Biz isə hesab edirik ki, bu problemin həllində hər iki variant, yəni güzəşt də, silinmə variantı da zəruridir. Bizim təkliflərin qısa məğzi bundan ibarətdir ki, devalvasiya nəticəsində obyektiv səbəblərdən (banka yaxın adamların borclarından, imkanı olub bilərəkdən borcunu ödəməyənlərdən söhbət getmir) borcunu əvvəlki qaydada ödəyə bilməyən şəxslərə güzəştlər tətbiq edilsin: Məsələn, 5 min, imkan varsa, 10 min dollara qədər olan kreditlər 1,05 manat kursu ilə qaytarılsın. Daha iri məbləğli borclar üçün isə 1,2-1,3 manat kursu götürmək olar. Eyni zamanda, araşdırma aparılaraq borcunu ödəmək iqtidarında olmayan şəxslərin borcları silinsin. Müflisləşmə haqqında qanuna əlavə və dəyişikliklər edilməli, ya da ki, fiziki şəxslərin müflisləşməsi haqqında əlavə qanun qəbul edilməlidir. Buna əsasən şəhid ailələrı, kimsəsizlər, tək analar, aşağı pensiya alan pensiyaçılara güzəşt edilməlidir. Krediti qaytarmaq üçün bütün imkanları tükənmiş yoxsul insanların aldıqları kreditlər məhkəmə yolu ilə müflisləşmə mexanizmi vasitəsilə bağışlansın.
- Bəzi mütəxəssislər, ekspertlər büdcəyə neft gəlirlərindən daxil olan əlavə vəsaitin problemli kreditlərin həll olunması istiqamətinə yönəldilməsini təklif edirlər. Ümumilikdə təkliflər çoxdur, amma problem hələ də həll olunmadan qalır. Sizcə səbəblər nədir?
- Xarici valyutada olan kerditlərlə bağlı problemin həllinin indiyəcən uzanmasının səbəbləri çoxdur. Bununla belə əsas səbəblərdən biri problemin həllinin maliyyə təminatnın kimin üzərində olması məsələsidir. Maliyyə Nazirliyi belə hesab edir ki, xarici valyutada olan kreditlər məsələsi banklarla əhali arasında olan problemdir və onlar bunu öz aralarında həll etməlidirlər. Banklar da hesab edir ki, xarici valyutada olan kreditlər məsələsinin maliyyə yükünü dövlət öz üzərinə götürməlidir. Büdcəyə neft gəlirlərindən daxil olan vəsaitin problemli kreditlərin həll olunmasına yönəldilməsinin təklifi bankların qeyd etdiyimiz həmin mövqeyi ilə demək olar ki, eynidir. Bir-birinə daban-dabana zidd olan bu iki baxışın hər birində xeyli həqiqət payı olsa da, hər ikisi yarımçıq xarakter daşıyır və problemin həllinə xidmət etmir.
Biz hesab edirik ki, dollarla olan kredit probleminin ağırlığı dövlət, Mərkəzi Bank, kommersiya bankları və əhali arasında dörd yerə bölünsün ki, heç bir tərəfə ağırlıq düşməsin.Təklif etdiyimiz sxem üzrə borcların 1,05 manat nisbətində ödənilməsi üçün zəruri olan 250 milyon dolların (indi bundan bir qədər artıq) maliyyə yükünün 63 milyon dollarını,yəni dörddə bir hissəsini dövlət, dörddə bir hissəsini banklar, digər hissəsini borclular çəkməlidir. Çünki dövlət dəstəyi olmadan bu problemin etibarlı həlli mümkünsüzdür. Büdcəyə neft gəlirlərindən əlavə daxilolmalardan asılı olmayaraq qeyd etdiyimiz prinsip üzrə 250 milyon dollarlıq vəsaitin 63 milyon dollar ekvivalent hissəsinin (100 milyon manatdan bir qədər artıq) problemli kreditlərin həll olunmasına yönəldilməsi bu baxımdan aktual sayıla bilər. Problemin daha geniş miqyasda həlli üçün isə yəqin ki, 250 milyon dollar yox, ondan bir qədər artıq- təqribən 2 dəfə çox vəsait lazım olacaq. Bankların bu bölgü prosesində iştirakının əvəzində isə dövlət birbaşa və dolayısı ilə məsələn, Mərkəzi Bankın vəsaitləri, orta müddətli qiymətli kağızları, problemli aktivlərin banklardan alınması və sair yollarla kommersiya banklarına birbaşa və dolayısı ilə dəstək verməsi, bu əsasda bankların kapitallaşmasının qaydaya salınması, fəaliyyətinin normallaşdırılması istiqamətində zəruri işlər aparmalıdır. Ya da ki, Mərkəzi Bankın vəsaitləri, kapitallaşmaya dəstək vermək üçün orta müddətli qiymətli kağızları, problemli aktivlərin banklardan alınması və sair yollarla maliyyə ağırlığını öz üzərinə götürsün, banklar isə öz problemli müştərilərinə təklif etdiyimiz variantlarda güzəştlər etsinlər.
- Problem həll olunmamış qaldıqca vəziyyət nəyi ehtiva edir?
- Hökumət dollarla olan kreditlər probleminin həllini dondurmaq siyasəti yeritməklə, əslində həm də hər gün, hər həftə, hər ay özünün də bu problemi həll etmək şansını itirməkdədir… Vəziyyətin yaxşılaşdırılması istiqamətində real nəticələri olan addımlar atılmasa, maliyyə bazarları və bank sisteminin problemləri daha da ağırlaşacaq. Bu isə iqtisadiyyatda əlavə ciddi problemlər yaradacaq. Belə vəziyyət əhaliyə və banklara da çox mənfi təsir göstərir. Kredit qoyuluşları azalır. Bu, ölkədə iqtisadi fəallığın artması qarşısında maneəyə çevrilib. Ona görə də bank sistemini çətin vəziyyətindən çıxarmaq və əhalini borc tələsindən qurtarmaqdan ötrü hökumət problemli kreditlər, xüsusən də dollarla olan kreditlər probleminin həllini sürətləndirməlidir.