AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BEHİŞT ZƏVVARI

  • + A
  • - A
  • 10-02-2021, 10:27

    BEHİŞT ZƏVVARI

    Nurəddin Ədiloğlu yazır

    Odlar yurdumuzun elə bir bölgəsi, elə bir şəhəri, kəndi tapılmaz ki, orada şəhid məzarları olmasın. Düşmən qarşısında mərdliklə dayanıb, Vətənimizi, torpaqlarımızı qoruyarkən şəhid olan hər bir igid döyüşçümüzün xatirəsi bizə əzizdir. Vətənpərvərlik ruhu və duyğusu qəhrəmanlarla birlikdə ölmür, əbədi yaşayır. Ona görə müharibə mövzusunda yazan qələm əhlinin ən ümdə borcu şəhidlərin ruhunu həmişə öz yazıları ilə şad etməkdir

    Məzarı paytaxtın İkinci Fəxri xiyabanında olan könüllü döyüşçümüz Əsəd Əsədlinin sosial şəbəkələrdə və xəbər portallarında videogörüntülərini görəndə onun haqqında yazmağı qərara aldım, hətta bir anlığa qürurlandım ki, Vətən müharibəsində canı bahasına 21 əsgər yoldaşının həyatını xilas edən bu cəsur əsgər mənim boya-başa çatdığım doğma Masallının axarlı-baxarlı Çayqıraq kəndində, adını və soyadını daşıdığı ulu babası Əsədin ocağında dünyaya göz açıb. Doğum tarixini valideynləri qeydiyyatda olduğu Bakı şəhərində rəsmiləşdiriblər. Şəhərdə böyüsə də Əsəd öz xarakteri etibarilə göz açıb gördüyü təbiətə çox yaxın olub; Talış dağları kimi məğrur, Xəzərin qoynuna can atan Viləşçay kimi çoşqun, cənub meşələrinin möcüzəsi sayılan dəmirağac kimi möhkəm olan bu oğlan təpədən-dırnağa, torpağa, Vətənə bağlı idi. Əsəd qəlbinə və düşüncəsinə hakim kəsilən “Vətəni sevmək imandandır", "Vətən haqqı ana haqqıdır" kəlamlarının işığında boya-başa çatmışdı. Nizami rayonunda yerləşən Azərbaycan Respublikasının Milli Qəhrəmanı şəhid Yuri Kavalyov adına 229 saylı tam orta məktəbi bitirəndən sonra Azərbaycan Dövlət İqtisad Universitetindəə ali təhsil almış, bir il Naxçıvan Muxtar Respublikasında kəşfiyyatcı əsgər kimi nümunəvi hərbi xidmət etmişdi.

    ...Valideynlərinin arzusu 25 yaşlı Əsədi gözaltı elədiyi qızla nişanlamaq idi. O isə Tovuz rayonu istiqamətində erməni təxribatı nəticəsində baş verən döyüşlərdə general Polad Həşimovun həlak olmasından çox hiddətlənmişdi və ailə üzvlərindən xəbərsiz könüllü olaraq döyüşlərə yollanmaq üçün ərizə ilə müracət etmişdi. Torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsi başlayandan iki gün sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq şöbəsindən zəng edib müharibəyə çağırılanda Əsəd ailədə, qohum - əqrabada hamı ilə hallalaşdı. “Açığı onu dilə tutmaq istədik ki, getməsin, anası onkoloji xəstədir. Ancaq hər şeyə rəğmən o, öz qərarını vermişdi...” Bu sözləri Əsədin atası Mahir deyir. Ömür-gün yoldaşı Səidə xanımın hüzurunda şəhid oğlu barədə danışmaq nə qədər çətin də olsa özünü ələ alır: “Şəmkirdə könüllülərdən ibarət

    dəstə yaratdılar.Təlimlər keçdilər...” Təlimlərə başıaçıq qatıldığına görə ona rus dilində “kaskasız” (dəbilqəsiz) Əsəd deyirdilər.

    Anası Əsədin təhsil aldığı illərdə müəllimlərinin sevgisini qazandığını dilə gətirir, eyni zamanda, onun qəlbində Allaha, Peyğəmbərə və əhli –beytə tükənməz sevgi olduğundan söhbət açır. Deyir ki, Əsəd Kərbala qəhrəmanı Həzrəti Hüseynin aşiqi idi. Bu təsadüfi deyildi. Çünki Əsədin böyük nənəsi Mirşərəf xanım əhli-beytin nişanələrini öz əməllərində yaşadan, XX əsrin böyük mərhəmət və kəramət sahibi Seyid Mirtağı ağanın bacısı idi. Sağlığında uşaqdan böyüyə hamının sevdiyi Mirtağı ağanın ölümündən sonra Masallıda ata ocağındakı məzarı və Bakının Xətai rayonunda adı ilə tanınan məscid pir kimi ziyarətgaha çevrilib. Əsəd də mənsub olduğu ailənin digər üzvləri kimi namaz qılmağa, ibadətlə məşğul olmağa başlamışdı. Çox qəribədir ki, Əsədin qatıldığı könüllülər dəstəsi hərbi təlimlər başa çatdıqdan sonra sıraya düzüləndə “İndi düşmənlə döyüşə gedirsiniz, kim bu döyüşə özünü hazır bilirsə, bir addım irəli atsın” əmri verilən zaman irəli çıxan 72 könüllü əsgərdən biri də Əsəd olur. Vətən uğrunda döyüşə atılan 72 könüllü Azərbaycan əsgəri adama elə Kərbalada əqidə uğrunda şəhidlik məktəbinin əzəli və əbədi qəhrəmanlarını xatırladır.

    Əsəd şəhidlərin ölmədiyinə, onların Ulu Yaradanın yanında olduğuna canı-könüldən inanırdı. Elə bu daxili inam hissi ilə o, döyüşlərdən-döyüşlərə atılırdı. Əsədlə çiyin-çiyinə döyüşən hərbçi yoldaşlarının sözlərinə görə, onun hər sözü, hər kəlməsi şəhidliyin müqəddəs məqam olmasından bəhs edirdi. Hətta o, hücum zamanı silah - sursatı qurtaranda belə geri qayıtmayıb, öz canın təhlükəyə ataraq ermənilərin üzərinə gedib. Əlbəyaxa döyüşdə düşmənin 7 hərbçisini məhv edəndən sonra onların "Ural”markalı maşınını ələ keçirərək yaralı yoldaşlarının həyatını xilas edib...

    Videogörüntülərin birində Əsəd Qarabağ uğrunda döyüşlərdə oğul itirən şəhid analarına müraciət edərək, igid Azərbaycan oğullarının timsalında bütün əsgərlərin onların oğulları olmasını bildirir: “Bir ömür onlara xidmət edəcəyik... İnşaalah sağ qayıdarıq, əgər şəhid olsaq belə, biz ölməyəcəyik...” Şəhid olmağı özünə şərəf bilən Əsədin ruhuna Vətən sevgisi, əməlinə cəsurluq, əqidəsinə dönməzlik hakim kəsilmişdi.

    Noyabrın 2-də işğaldan azad etdikləri yüksəkliklərdən birindən göndərdiyi videoda atası Mahiri doğum günü münasibətilə təbrik edən Əsəd Xocavənd istiqamətində gedən döyüşlərdə silah yoldaşlarını mühasirədən çıxarsa da, özü qəhrəmancasına şəhid oldu. Müharibənin bitməsinə bir gün qalmış şəhid olan Əsədin müqqədəs və xilaskar ruhu Tanrının rəhmət nuruna bələndi.Ölümündən sönra yaşamaq hər kəsə nəsib olmayan səadətdir. Behiştə zəvvar olan Əsədin də

    ölməzliyə yolu ölümdən keçdi. Tərcümeyi-halı qısa olsa da, qazandığı əbədiyyətlə adını Azərbaycanın Vətən müharibəsi tarixinə yazdı.

    Döyüşlərdə göstərdiyi cəsurluq, mərdlik, xilaskarlıq nümunələrinə görə könüllü əsgər Əsəd Əsədli ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncam ilə "Vətən uğrunda", “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə” və “Xocəvəndin azad olunmasına görə” medalları ilə təltif olunub. Qardaşı Səməd deyir ki, bütün şəhidlər kimi, Əsəd də fəxrimizə çevrilib: “Düzdür, həsrəti adamı yandırıb yaxır... Ancaq şəhadət elə məqamdır ki, onun varlığını daim hiss edirəm...”

    Oğlundan doluxsuna –doluxsuna danışan Səidə xanım təkcə aralarındakı ana-bala məhəbbətindən deyil, xalqına, dövlətinə və Ali Baş Komandanına sədaqətli və əqidəli Vətən oğlundan mərdanə söhbət açır. Səidə xanımın böyük arzusu oğlu barədə ürək sözlərini onun toyunda mərasimində demək olub...

    Arzusu ürəyində qalan ananı dinlədikcə yadıma şair Arif Fərzəlinin Birinci Qarabağ müharibəsində bizim Xırmandalı kəndinin şəhidi Fədail Abbasovun anası Nəzmiyyə xanıma həsr etdiyi bu misralar düşdü:

    Dərd içini doğrasa da,

    Mərd gəzən şəhid anası.

    Yerin-göyün ağrısıdı,

    Sən dözən, şəhid anası.

    Azərbaycanın bütün şəhid anaları qəhrəman analardır. Onların hər birinə sayğı və etiram Azərbaycan vətandaşı olaraq hamımızın borcudur. Söhbətimizin sonunda şəhid atası Mahir bəyin arzusu ilə maraqlandıq. Bildirdi ki, keçdiyi şərəfli döyüş yolu gələcək nəsillərə örnək olsun deyə arzusu Əsədin adının qəhrəman kimi yaşadığı Nizami rayonunda əbədiləşdirilməsidir. Bundan başqa onun tezliklə oğlu Səmədi evləndirmək və dünyaya gələcək oğul nəvəsinə Əsədin adını vermək arzusunda olduğunu öyrəndik. Biz də öz növbəmizdə şəhid atasına qəzetimiz adından səbr və təsəlli verdik və yaxın günlərdə oğlu Əsəd Əsədli barədə xatirələrini “İki sahil” TV-nin izləyiciləri ilə də bölüşmək üçün onu redaksiyamıza dəvət etdik.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR