Dünyanı yönəldən Masonlar: Rokfeller və... – Video
Amerikalı milyarder Devid Rokfeller öldü. Ancaq görünən odur ki, hələ uzun müddət Rokfellerlərin adı əvvəlki kimi dünyanın gündəmindən düşməyəcək, həmişə diqqət mərkəzində olacaq.
Axar.az xatırladır ki, yarimifik “İllüminati” təşkilatının liderlərindən biri kimi tanınan amerikalı bankir, iş adamı Rokfeller “Dünya imperatorluğu” və "Yeni dünya nizamı" kimi ifadələri ilə diqqət çəkmiş və buna görə xeyli müzakirələrə səbəb olmuşdu.
Roffellerlər kimdir?
Ata Con Devidson Rokfeller 8 iyul 1839-cu ildə ABŞ-ın Nyu York ştatının Riçford şəhərində anadan olub. Əsl-nəcabətcə fransız və huqenotların nümayəndəsi olan Rokfellerlər ailəsi bir neçə dəfə yaşayış yerini dəyişmək məcburiyyətində qalıb. XVII əsrdə inkvizisiyadan canını qurtarmaq üçün onlar Fransadan Almaniyaya köçüb və orada yeni çağda dünyaca məşhur olacaq soyadı qəbul edib. Ailə ABŞ-a XVIII əsrdə gəlib və Nyu York ştatının Riçford şəhərində məskunlaşıb.
Çağdaşları yazır ki, Con Rokfeller huqenotların bütün tipik xüsusiyyətlərini özündə əks etdirirmiş. Özününkülərə münasibətdə zəhmətsevərlik, qayğıkeşlik, inam, yadlara münasibətdə etinasızlıq və laqeydlik onun xarakterinin əsas cizgiləri idi. Görünür, Con Rokfellerə bütün bu keyfiyyətlər qatı dindar olan anasından keşmişdi.
Onun babası Qodfri ciddi, ağıllı, mehriban və təmiz ürəkli adam olub. Vilyam Rokfeller – gələcək milyarderin atası isə öz şəxsiyyətində bütün mənfi keyfiyyətləri birləşdirmişdi. O, pozğun, yalançı, arvadbaz idi: lakin həyatı boyu bir dəfə də olsun spirtli içkinin dadına baxmamışdı. Hətta spirtli içki içməyənlərin cəmiyyətini qurmuş və öz müasirlərini alkoqol əleyhinə səfərbər etməyə cəhd göstərmişdi.
Şəhərdə "yaraşıqlı oğlan" kimi dillər əzbəri olan Vilyamın sinəsini kiçik lövhəcik bəzəyirdi: "Mən lal və karam". Bu lövhəciyi görəndən sonra Vilyamın cazibəsinə uyan Eleyza Devison adlı gənc qız rəfiqələrinə demişdi: "Mən şikəstliyini unutdurmaq üçün ona ərə gedəcəyəm". Üstündən bir müddət keçəndən sonra Eleyza anlayır ki, bu niyyətə düşməkdə səhv etməyib və üstəlik, Billin qulaqları radar kimi işləyir. Məsələn, atasının Eleyzaya verəcəyi 500 dollardan o, anındaca da yox, düz iki gün əvvəl xəbər tutur. Çox keçmədən Bill başqa bir qadınla eşq məcəraları yaşamağa başlayır və uşaqların qayğısına qalmaq Eleyzanın boynuna düşür. Bill öz eyş-işrətində olarkən Eleyza və uşaqları bir qarnı ac, bir qarnı tox dolanırlar.
Con Rokfellerin uşaqlıq illəri oxumaq və fikirləşməklə keçib. O, hər zaman nə barədəsə düşünüb. Hətta dama oynayanda belə, ən azı, yarım saat fikirləşməmiş gediş etmirmiş. Bu barədə ona irad tutanda belə cavab verərmiş: "Sən məni nə hesab edirsən, mən ancaq udmaq üçün oynayıram!" Bir gənc kimi isə Con Rokfeller, sözün əsl mənasında, praktik olub. Hətta öz valideynləri üçün təmənnasız heç bir iş görməz, qəpiyindən də keçməzmiş. Babasından, atasından və anasından o, çox şey öyrənir. Nəyin xeyirli, nəyin ziyanlı olması barədə illərcə formalaşmış qənaətləri aram-aram onu milyarderliyə doğru aparır.
Zənginliyə gedən yol
Münasib iş axtarmaq üçün Klivləndə gələn və əli xeyli müddət boşda qalan Con Rokfeller məhz həmin gün öz arzusuna çatır. "Hyuitt and Tattl" şirkəti onu mühasib köməkçisi vəzifəsinə işə götürür. Düzdür, o, ilk maaşını ancaq dörd aydan sonra ala bilir; amma əsas odur ki, Con Rokfellerin biznes dünyası ilə tanışlığı buradan başlayır. Günlərin birində isə hamının lal-dinməz, qaraqabaq gənc hesab etdiyi Rokfeller həmkarlarının arasında çığırır: "Mən zəngin olacağam!" Təbiidir, ac toyuq yuxusunda darı görər. Daha iki dəfə yüksəkdən bəyanat verməsinə baxmayaraq, onun bu sözlərinə əhəmiyyət verən olmur. Ancaq başqalarının nə fikirləşməsi onu qətiyyən maraqlandırmırdı. Con Rokfeller içmir (hətta kofe də!), çəkmir, əyləncələrə meyl etmir. Hətta ona meyl edən qızlara kilsədə görüş təyin edir. Özünü Tanrının seçilmiş bəndəsi hesab edən Con Rokfeller işə hamıdan tez gəlməyi və işdən ən axırda getməyi "İlahi borc" kimi yerinə yetirir. Elə Tanrı da ona ən çox arzuladığı şeyi – bol para yetirir.
Con Rokfeller "Standart Oil Co" şirkətini quranda 1870-ci il idi. 1878-ci ildə isə bu şirkət ABŞ neft sənayesini artıq öz inhisarına almışdı və enerji ticarətinin 95 faizinə nəzarət edirdi. 1882-ci ildə Con Rokfellerin başçılıq etdiyi bu şirkət daha bir ilkə imza atır və ABŞ tarixində ilk dəfə trest yaranır. Bu trestə 37 kompaniya daxil olmuşdu və onun ümumi kapitalı 70 milyon dollar idi. Trestin 9 nəfərlik idarə heyətinə şəxsən Con Rokfeller özü başçılıq edirdi. Yarım ildən sonra o, tütün və poladtökmə sənayesinə də liderlik edirdi. 1913-cü ildə Rokfellerin varidatı 1 milyard dollar dəyərində qiymətləndirilirdi. 20-ci əsrin 20-ci illərində isə Rokfeller Morqandan sonra ABŞ-ın ikinci varlı adamı idi.
Atanın ölümü
23 may 1937-ci ildə Con Rokfeller öldü. Ancaq onun qurduğu maliyyə imperiyası daha da çiçəkləndi. 1972-ci ildə onun neft şirkəti "Eksson" adını qəbul etdi. Hazırda ailənin kapitalı "Rokfeller qardaşları" şirkətində mərkəzləşir.
Con Rokfeller bütün iqtisadi fəaliyyəti ərzində cəmi bir dəfə ziyana düşüb. Gələcək arvadına aldığı nişan üzüyünə 118 dollar pul sayması onu bütün ömrü boyu yandırıb-yaxıb. Yaxşı deyiblər, ərlə arvadın torpağı bir yerdən götürülər. Bir gün kefinin yaxşı vaxtı uşaqlara velosiped almaq istəyən Con Rokfellerə arvadı bədxərc olmamağı məsləhət görür: "Evdə biri var, növbə ilə sürərlər!"
Uşaqlarına velosiped almağa qıymayan Rokfeller ailəsi filontropiya sahəsində ad çıxarıb. Təhsilin və səhiyyənin inkişafı üçün heç vaxt pulunu əsirgəməyən milyarder 1913-cü ildə öz adına fond təsis edib ("Rocefeller Foundation"). Hazırda bu fond kənd təsərrüfatı, demoqrafiya, ekologiya, təhsil və mədəniyyət sahələrində milli və beynəlxalq araşdırmaları maliyyələşdirir. Son statistik göstəricilərə görə, Rokfeller Fondu Amerikada filantropiya ilə məşğul olan 10 əsas fonddan biridir. Onun ümumi büdcəsi 3,8 milyard dollardır. Hazırda fond 50-dən çox gəlirsiz təşklatı himayə edir.
Ata Con Rokfeller Adolf Hitlerin dostu kimi də yadda qalıb.
Böyük oğul Rokfeller
İki gün öncə dünyasını dəyişən oğul Devid Rokfeller də filantropluğu ilə diqqət çəkib. O, 2008-ci ildə Harvard Üniversitetinə 100 milyon bağışlayıb.
Soyadı ömrünü uzatdı
Həkimlər 80 yaşından sonra bir insana ürək nəqlinin riskli olduğunu bildirsələr də, belə demişdilər: “Bu, çox risklidir. Ancaq soyadınız Rokfeller isə 120 yaşda da ürək nəqli etdirə bilərsiniz. Çünkü tibb qanunları onlar üçün keçərli deyil. Rokfeller soyadının ömrü uzundur”.
Qeyd edək ki, Devid Rokfeller 101 yaşında ürək çatışmazlığından dünyasını dəyişib. Dünyanın ən varlı adamlarından biri olaraq tanınan, “200 yaşımı görmək istəyirəm” deyən milyarder 6 dəfə ürək nəqli etdirib. 1998 və 2004-cü illərdə isə ona iki dəfə böyrək nəqli gerçəkləşdirilib.
Onun əfsanəvi “İllüminati” təşkilatının liderlərindən biri olması, 11 Sentyabr, İraqın işğalı və başqa bilgilər haqda isə daha ətraflı videoda: