AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qəhvə çöküntüsündən bioyanacaq və qiymətli kimyəvi maddələr istehsal oluna bilər

  • + A
  • - A
  • Bu gün, 22:13

    Qəhvə çöküntüsündən bioyanacaq və qiymətli kimyəvi maddələr istehsal oluna bilər

    Qəhvə çöküntüsündən bioyanacaq və qiymətli kimyəvi maddələr istehsal oluna bilər

    İstifadə olunmuş qəhvə çöküntüsü bioyanacaq və müxtəlif kimyəvi məhsulların istehsalı üçün xammala çevrilə bilər. İspaniyalı alimlər qəhvə tullantılarından yağların çıxarılması və qalan biokütlənin təkrar emalı üçün yeni üsul hazırlayıblar.

    Tədqiqat İspaniyanın Rovira i Virgili Universitetinin alimləri tərəfindən aparılıb. Araşdırmanın nəticələri “Biomass and Bioenergy” jurnalında dərc olunub.

    Alimlərin diqqətini çəkən əsas məqam qəhvə tullantılarının tərkibində təxminən 15 faiz yağın olmasıdır. Bu yağlardan biodizel istehsalında istifadə etmək mümkündür. Tədqiqatçılar yağın daha səmərəli çıxarılması üçün temperaturu, emal müddətini və həlledicinin miqdarını araşdırıblar.

    Məlum olub ki, ən optimal nəticə 45 dərəcə temperaturda, 60 dəqiqəlik emal zamanı əldə edilir. Bu üsulla qəhvə çöküntüsündəki əldə edilə bilən yağın təxminən 90 faizini çıxarmaq mümkün olub. Üstəlik, əldə edilən yağın tərkibindəki qarışıqların miqdarı cəmi 0,3 faiz təşkil edib.

    Araşdırmanın digər mühüm nəticəsi isə yağ çıxarıldıqdan sonra qalan qəhvə tullantılarının da təkrar emala yararlı olmasıdır. Onların tərkibində qorunub saxlanılan sellüloza, hemisellüloza və liqnin kimi komponentlər bioetanol, süd turşusu, fenol birləşmələri və digər kimyəvi maddələrin istehsalında istifadə oluna bilər. Hətta bu xammaldan ekoloji baxımdan daha dayanıqlı aviasiya yanacağının hazırlanması da mümkündür.

    Alimlər yağların əvvəlcədən çıxarılmasının qalan biokütlənin emalını asanlaşdırdığını bildirirlər. Çünki yağların ayrılması digər faydalı komponentlərin kimyəvi maddələr və katalizatorlarla işlənməsini asanlaşdırır.

    Tədqiqat çərçivəsində ultrasəs və mikrodalğalardan istifadə edilən üsullar da sınaqdan keçirilib. Lakin enerji sərfiyyatı, yağın təmizliyi və sənaye miqyasında tətbiq imkanları nəzərə alınanda ənənəvi ekstraksiya üsulu daha səmərəli hesab edilib.

    Tədqiqatçılar hesab edirlər ki, yeni texnologiya qəhvə tullantılarının həcmini azaltmaqla yanaşı, bərpa olunan yanacaq və ekoloji məhsulların istehsalı üçün alternativ xammal mənbəyi yarada bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR