Tramp Putinlə dost münasibətinin səbəbini açıqlayıb

Tramp Putinlə dost münasibətinin səbəbini açıqlayıb
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putini “dost” adlandırmasını Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması istiqamətində razılaşma əldə etmək cəhdi ilə izah edib.
Trampın sözlərinə görə, Putinlə dost münasibətlərin qurulması müharibənin dayandırılması və tərəflər arasında razılığın əldə olunmasına kömək edə bilər.
“Anlamalısınız ki, biz razılaşma əldə etmək istəyirik. Qətllərin dayandırılmasını istəyirik. Mən deyə bilərdim ki, Putin mənim dostum deyil və ya ona ‘səndən xoşum gəlmir’ deyə bilərdim. Amma bu halda Zelenski ilə Putin arasında mövcud olan problemlə eyni vəziyyət yaranardı”, – deyə Tramp jurnalistlərə bildirib.
ABŞ lideri hesab edir ki, münaqişənin həllinə mane olan əsas amillərdən biri Rusiya və Ukrayna prezidentlərinin bir-birinə qarşı kəskin düşmən münasibətidir.
Tramp Vladimir Putinlə ortaq dil tapa bilməsini onların uzun müddətdir tanış olması ilə əlaqələndirib. O, Rusiya prezidentinin razılaşma əldə etmək istədiyi barədə fikrini də təkrarlayıb.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski BBC-yə müsahibəsində Trampın Putini “dost” adlandırmasını qəribə hesab etdiyini bildirib. Zelenskinin sözlərinə görə, bu, İkinci Dünya müharibəsi zamanı Adolf Hitlerlə dost olduğunu söyləməyə bənzəyir.
Tramp Putini “dostum” adlandıran ifadəni noyabrın ortalarında Çində keçirilən görüşdən sonra sosial şəbəkədə paylaşdığı fotonun şərhində işlədib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.