27 Sentyabr – Anım Günü ilə əlaqədar Türkiyənin Ədirnə şəhərində tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsi və Türkiyə-Azərbaycan Dərnəkləri Birliyinin təşkilatçılığı ilə Trakya Universitetində keçirilən tədbirdə millət vəkili Məşhur Məmmədov və Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini
Musa Qasımlı iştirak ediblər. Tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.
Tədbir çərçivəsində Trakya Universitetində fotosərginin açılışı olub, Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib. Görüş zamanı gənclərin Qarabağ həqiqətləri, şəhidlərimizin həyat və mübarizə yolu barədə məlumatlılığının artırılması, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Trakya Universitetinin rektoru Prof. Dr. Mustafa Hatipler, Türkiyə parlamentinin deputatları, professor-müəllim heyəti və tələbələrin iştirakı ilə keçirilən elmi konfransda Azərbaycan-Türkiyə münasibətləri, iki ölkənin ortaq tarixi və milli yaddaşı ilə bağlı fikir mübadiləsi aparılıb. Konfrans zamanı deputat Musa Qasımlının müəllifi olduğu kitablar universitetin kitabxanasına hədiyyə edilib.
Deputat Məşhur Məmmədov çıxışında bildirib ki, 27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında xüsusi yer tutur:
“Bu gün Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edirik. Onların göstərdiyi misilsiz fədakarlıq və Vətən sevgisi hər birimiz üçün böyük örnəkdir. Şəhidlərimizin qəhrəmanlığı Azərbaycan xalqının milli yaddaşında əbədi yaşayacaq.
Türkiyədə, xüsusilə də universitet mühitində belə tədbirlərin keçirilməsi böyük əhəmiyyət daşıyır. Çünki burada təkcə şəhidlərimizin xatirəsi yad edilmir, eyni zamanda Azərbaycan həqiqətləri, Qarabağımızın tarixi və xalqımızın keçdiyi mübarizə yolu gənc nəsillərə çatdırılır. Azərbaycan və Türkiyənin qardaşlığı yalnız siyasi və iqtisadi əlaqələrlə məhdudlaşmır. Elm, təhsil, mədəniyyət və gənclər arasında əlaqələrin inkişafı bu münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir.
Əminəm ki, Azərbaycan-Türkiyə qardaşlığı bundan sonra da yeni layihələrlə daha da güclənəcək. Şəhidlərimizin bizə əmanət etdiyi Vətənə və milli dəyərlərimizə sahib çıxmaq hər birimizin borcudur”.Məşhur Məmmədov şəhidlərin əziz xatirəsinin daim yaşadılmasının vacibliyini vurğulayaraq onların ruhuna Allahdan rəhmət diləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.