Məşhur Məmmədov,
Millət vəkiliCənab Prezident İlham Əliyev mütəmadi işğaldan azad edilən ərazilərə gedir, görülən işllərlə tanış olur, doğma yurdunda məskunlaşan sakinlərlə səmimi ortamda görüşlər keçirir. Ölkə rəhbərinin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri və bu bölgələrin iqtisadi inkişafı Azərbaycanın strateji prioritetlərindən biridir. 2020-ci ildə Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanıldı.
Müzəffər Ali Baş komandan, Prezident İlham Əliyev həmin ərazilərə vaxtaşırı səfərlər edərək həyata keçirilən layihələrin, aparılan işlərin gedişatını yerində yoxlayır, təməlqoyma tədbirlərində iştirak edir, tikintisi başa çatan iaşə obyektlərinin, yaşayış komplekslərinin və digər infrastruktur layihələrin istifadəyə verilməsi mərasimlərinə şəxsən qatılır. Bütün bunlar işğaldan azad edilən ərazilərin hər zaman ölkə rəhbərinin diqqət mərkəzində olmasına sübutdur.
İşğaldan azad edilən ərazilərin abadlaşdırılması infrastrukturun bərpasından başlayır. Füzuli, Zəngilan və Laçında beynəlxalq hava limanları inşa edilib, əsas magistral yollar yenidən qurulur.
Suqovuşan, Laçın və digər bölgələrdə yeni su və elektrik stansiyaları istifadəyə verilib.
Ərazidə sənaye və kənd təsərrüfatı da inkişaf etdirilir. "Ağıllı kənd" və "Ağıllı şəhər" layihələri həyata keçirilir. Zəngilanda, Füzulidə və Ağdamda innovativ kənd təsərrüfatı modelləri tətbiq olunur, sənaye parkları və azad iqtisadi zonalar yaradılır. Ağdam Sənaye Parkı regional iqtisadi inkişafın əsas dayaqlarından biri olacaq.
İnfrastruktur layihələri ilə yanaşı ekoturizm və aqro turizm potensialı artırılır. Şuşa şəhərinin mədəniyyət paytaxtı elan edilməsi və tarixi abidələrin bərpası bu sahəyə töhfə verir.
Yaxın gələcəkdə idman və qış turizmi imkanlarının genişləndirməsi nəzərdə tutulur. Kəlbəcər və Laçında xizək kurortlarının yaradılması planlaşdırılır.
İşğaldan azad edilən ərazilərdə tezliklə yaşayış tam bərpa ediləcək.
Böyük Qayıdış Azərbaycanın dövlət siyasətinin prioritetlərindən biridir və 2022-ci ildə qəbul edilən "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində həyata keçirilir. Bu proqramın məqsədi keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və layiqli şəkildə qayıtmasını təmin etməkdir. Böyük qayıdış layihəsi çərçivəsində minlərlə məcburi köçkün üçün yeni yaşayış kompleksləri inşa olunur.
Prezident İlham Əliyev bu yaxınlarda növbəti dəfə işğaldan azad olunmuş ərazilərə səfəri çərçivəsində Xocalının Ballıca kəndinə baş çəkdi. Dövlət başçısı burada aparılan bərpa və yenidənqurma işləri ilə tanış olub, infrastruktur layihələrinin icrası barədə məlumat aldı. Səfər zamanı kənddə yeni salınan yaşayış massivlərinə baxış keçirdi, məskunlaşma prosesi ilə bağlı tapşırıqlar verdi. Ölkə rəhbəri yerli sakinlərlə görüşərək onların qayğıları və ehtiyacları ilə maraqlandı. Ballıcada həyata keçirilən layihələr bir daha Böyük Qayıdış proqramının uğurla icra olunduğunu göstərir.
Təhsil və səhiyyə infrastrukturu gücləndirilir, yeni məktəblər, xəstəxanalar və ictimai obyektlər tikilir. Xankəndidə yerləşən Qarabağ Universiteti ən yüksək bal toplayan tələbələrə qucaq açıb. İnanıram ki, zaman keçdikcə ali və orta ixtisas məktəblərimiz arasında Qarabağ liderlik edəcək.
Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərə səfərləri yalnız nəzarət məqsədilə deyil, həm də xalqla birbaşa təmas yaratmaq və inkişaf prosesini sürətləndirmək üçün mühüm rol oynayır. Bu strategiya Qarabağın və Şərqi Zəngəzurun iqtisadi dirçəlişini təmin etməklə yanaşı, Azərbaycanın ümumi inkişafına da mühüm töhfə verir.