İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin ABŞ-dan hər il aldığı Amerika hərbi yardımı məsələsinə yenidən baxılmasının vacibliyini bəyan edib. Bu barədə “Anadolu” xəbər verir.
İsrailin “Maariv” qəzetinin yazdığına görə, Nazirlər Kabinetinin rəhbəri belə bir bəyanatla parlamentin xarici işlər və təhlükəsizlik komitəsinin qapalı iclasında çıxış edib.
Nəşr Netanyahudan sitat gətirib: "Silahlara görə təxminən 4 milyard dollar alırıq. Düşünürəm ki, bir vaxtlar iqtisadi yardımdan yorulduğumuz kimi, nə vaxtsa bundan da yorulacağıq".
Oxşar məlumatı KAN yayıb. "Düşünürəm ki, biz Amerikadan təhlükəsizlik sahəsində yardım almağı dayandırmalı olacağıq", - dövlət televiziyası bildirib.
Bir sıra İsrail mediası bu sözləri Netanyahu ilə Donald Tramp arasında münasibətlərin soyumasının əlaməti kimi şərh edir.
Xüsusilə, ABŞ və İran arasında danışıqların başlanması, milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolsun vəzifəsindən azad edilməsi, həmçinin Vaşinqtonun Yəmən husiləri ilə atəşkəs rejiminə dəstək verməsi diqqət çəkir.
Mətbuatda yayılan məlumatlara görə, Tramp Netanyahudan “məyusdur” və İsrail liderinin iştirakı olmadan Yaxın Şərqdə siyasətini qurmaq imkanını nəzərdən keçirir.
2016-cı ildə ABŞ və İsrail 2028-ci ilə qədər ümumi məbləği 38 milyard dollar olan hərbi yardımın ayrılmasını nəzərdə tutan on illik anlaşma memorandumu imzalayıb.
Sənədə əsasən, İsrail hər il təxminən 38 milyard dollar, o cümlədən 33 milyard xarici hərbi yardım, 5 milyardı isə raket əleyhinə müdafiə sistemlərinin inkişafı üçün alır.
Bundan əlavə, 2019-cu ildə imzalanmış sazişə əsasən, ABŞ hər il İsrailə təxminən 3,8 milyard dollarlıq hərbi yardım edir.