Dublində İlham Əliyevlə Antonio Koşta arasında görüş keçirilib

Noyabrın 12-də Dublində Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta arasında ikitərəfli görüş baş tutub.
Görüşdə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.
Antonio Koşta əlaqələrin inkişafından məmnunluğunu ifadə edib, Azərbaycana səfərini xatırladıb və dialoqun davam etdirilməsi məqsədilə İlham Əliyevi Avropa İttifaqına səfərə dəvət edib.
Prezident İlham Əliyev də bu səfərin ikitərəfli münasibətlərin inkişafı üçün əlverişli imkanlar yaratdığını bildirib.
Dövlət başçısı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən danışaraq, ölkəmizin hazırda Aİ-nin 10 üzv dövlətinə qaz ixrac etdiyini qeyd edib.
Tərəflər enerji əməkdaşlığının davamlılığının təmin edilməsi, uzunmüddətli müqavilələr və maliyyə mexanizmlərinin təkmilləşdirilməsi məsələlərini nəzərdən keçiriblər.
Bərpaolunan enerji sahəsində əməkdaşlıq çərçivəsində Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında yaşıl enerjinin Avropaya ixracı ilə bağlı razılaşma da müzakirə olunub.
Bununla yanaşı, Naxçıvan dəmir yolu layihəsi üzrə qiymətləndirmənin Avropa İttifaqı tərəfindən tezliklə başa çatdırılacağı bildirilib. Orta Dəhlizin inkişafı və nəqliyyat bağlantılarının genişləndirilməsi də görüşün gündəliyində yer alıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.