Ulu Öndərin Azərbaycanda demokratik, müstəqil məhkəmədənkənar hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının əsasının qoyulması ilə bağlı islahatların həyata keçirilməsində rolu danılmazdır.
Bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və insan hüquqları: Qurtuşdan başlanan inkişaf yolu" mövzusunda elmi-praktiki konfransda deyib.
O bildirib ki, Azərbaycanın müxtəlif inkişaf mərhələlərində bilavasitə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü əsasında insan hüquq və azadlıqlarının daha səmərəli təmininə nail olmaq məqsədilə bir sıra strateji əhəmiyyətli sənədlər hazırlanmış və təsdiq edilərək icra olunmuşdur.
Ümummilli Lider ölkə Prezidenti kimi 1998-ci il 22 fevral tarixdə “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman imzalamış, eyni zamanda bundan irəli gələn məqsəd və vəzifələri nəzərə alaraq 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə müvafiq sahədə ilk strateji sənəd olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı təsdiq etmişdir.
Bu iki sənəddə isə ilk dəfə olaraq Azərbaycanda insan hüquqları üzrə səlahiyyətli müvəkkil təsisatının yaradılması ilə bağlı müddəalar öz əksini tapmış, habelə insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində digər zəruri tədbirlərin reallaşdırılması nəzərdə tutulmuşdur.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü, diqqət və qayğısı nəticəsində həmin sənədlərin icrasının təmini çərçivəsində ölkəmizdə insan hüquqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.
Ulu Öndər Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə 2001-ci il 28 dekabr tarixində “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul olunmuş, 2002-ci il 5 mart tarixində həmin Qanunun tətbiq edilməsi barədə Fərman imzalanmışdır. Bununla əlaqədar 2002-ci il 2 iyul tarixində bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilmiş, 28 oktyabr tarixindən Ombudsman Aparatında müraciətlərin qəbuluna başlanılmışdır”, - deyə o qeyd edib.
S.Əliyeva vurğulayıb ki, Ombudsmanın fəaliyyətini tənzimləyən əsas qanunvericilik aktının ən yüksək və birbaşa hüquqi qüvvəyə malik Konstitusiyanın ayrılmaz hissəsi hesab edilən Konstitusiya Qanunu olması da məhz dövlətimizin insan hüquqlarına verdiyi ali dəyərin bariz təzahürüdür.
Sevindirici haldır ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş insan hüquqları sahəsində hüquqi islahatlar hazırda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Birinci Vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəal dəstəyi ilə uğurla davam etdirilir.
Ötən dövrdə Dövlət Başçısı tərəfindən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin mandatının beynəlxalq hüquq normalarına uyğun olaraq genişləndirilməsi ilə bağlı əhəmiyyətli təşəbbüslər irəli sürülmüşdür.
Son belə təşəbbüs nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə Ombudsmanın mandatı genişləndirilmiş, “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”nın və “Uşaq hüquqları haqqında Konvensiya”nın həyata keçirilməsi, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının təşviqi və monitorinqi üzrə müstəqil mexanizm funksiyalarının həyata keçirilməsi üzrə səlahiyyəti təsbit olunmuş, habelə fəaliyyət istiqamətlərinə uyğun olaraq yerli, regional və beynəlxalq təşkilatlarla, xarici ölkələrin insan hüquqları təsisatları ilə əməkdaşlıq etmək, bu məqsədlə müqavilələr (sazişlər) bağlamaq və beynəlxalq qurumlarda təmsil olunmaq mandatı rəsmi qaydada müəyyən edilmişdir.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə müstəqil bir qurum olaraq yaradılan və artıq 20 ildən çoxdur ki, aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında fəaliyyət göstərən Ombudsman təsisatı bu gün qanunvericilik, icra və məhkəmə hakimiyyətləri, digər aidiyyəti dövlət qurumları, habelə yerli özünüidarə orqanları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı əməkdaşlığını uğurla davam etdirməkdədir”, - deyə S.Əliyeva əlavə edib.