Rəqslər depressiya simptomlarını aradan qaldırır
Rəqslər depressiyanın təzahürlərini yüngülləşdirməyə, səbəblərini anlamağa və şəxsi inkişafı təşviq etməyə qadirdir. Psixologiya, sosial psixologiya və incəsənət tədqiqatlarının yanaşmalarını birləşdirən Şərqi Finlandiya Universitetinin tədqiqatçıları belə bir nəticəyə gəldilər.
"Depressiya ictimai səhiyyənin ciddi problemidir və əlavə terapiya metodlarına kəskin ehtiyac var. Fiziki fəaliyyətin kömək etdiyini bilirik, lakin rəqs kimi ifadəli elementlərin daxil edilməsi prosesi daha cəlbedici və dərin edir", yeniyetmə psixiatriyası professoru Tommi Tolmunen qeyd edib.
Rəqs stress hormonlarının - kortizol və norepinefrin səviyyəsini azaldır, zövq və motivasiya ilə əlaqəli olan dopamin səviyyəsini artırır, həmçinin bədən şüurunun inkişafına kömək edir və sözlə ifadə etmək çətin olan emosiyaları ifadə etmək üçün bir yol kimi xidmət edir.
Tədqiqatda yüngül və ya orta dərəcədə depressiyası olan yeddi yeniyetmə iştirak edib. Proqramın bir hissəsi olaraq, onlar "arzulanan gələcəyini" əks etdirən rəqəmsal rəqs tamaşası yaradıblar. Bunun üçün iştirakçılara özlərini kənardan müşahidə etməyə və vəziyyətlərini anlamağa imkan verən improvizasiya və 3D hərəkət çəkilişi istifadə edilib.
Nəticələr göstərib ki, layihədə iştirak depressiya simptomlarının azalmasına, özünəhörmətin artmasına və bədən hisslərini tanımaq və yaşamaq qabiliyyətinə gətirib çıxarıb. Mühüm amil etibar atmosferi, mənsubiyyət hissi və qrup tərəfindən dəstək idi.
"Depressiya tez-tez öz bədən hisslərinin - interosepsiya adlanan şeyin qavranılmasını pozur. Rəqs vasitəsilə iştirakçılar bədənləri ilə təması bərpa edə və yenidən "mən"lərini hiss edə biliblər", - deyə Şərqi Finlandiya Universitetinin baş tədqiqatçısı dosent Hanna Pohjola izah edib.
Tədqiqatçıların fikrincə, hisslərini rəqs vasitəsilə ifadə etmək və özlərini "kənardan" görmək imkanı yeniyetmələrə vəziyyətlərinin səbəblərini daha yaxşı başa düşməyə və özünüdərk prosesinə başlamağa kömək edib.
Pokhjola yekun olaraq bildirib ki, "İştirakçılar üçün bu, mənalı, dolğun bir həyata - öz hərəkətindən məqsəd və sevinc hissinə doğru bir addım oldu".
Alimlər hesab edirlər ki, rəqs sənət formalarının psixoterapiya proqramına daxil edilməsi depressiv pozğunluqları olan insanlara dəstək üçün perspektivli bir istiqamətə çevrilə bilər.