Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin ilkin komponenti olan “Mentorluq proqramı” davam edir.
“Mentorluq proqramı” çərçivəsində Anlaşma Memorandumunu imzalamış və prosesə qoşulmuş Bakı Mühəndislik Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Texniki Universitetinin və Azərbaycan İqtisad Universitetinin xüsusi kriteriyalar üzrə seçilmiş müəllim və digər nümayəndələrindən ibarət 50-yə yaxın iştirakçıya ekspertlər və sahə üzrə təlimçilər tərəfindən baza bilikləri üzrə informativ, onlayn təlimlər keçirilir. May ayının sonuna qədər davam edəcək təlimlər əsasən sahibkarlıq və biznes, innovasiya, startap, layihə idarəetməsi və s. kimi fərqli sahələrdə idarəetmə mövzularını əhatə edir. Həmçinin proqram ərzində iştirakçıların birgə fikir mübadiləsi aparması və onları maraqlandıran suallara ətraflı cavab əldə etməsi məqsədilə ekspert görüşləri təşkil olunur.
“Mentorluq proqramı” iştirakçılarının təyin olunmuş istiqamətlər üzrə mentor kimi ixitsaslaşması layihənin növbəti mərhələsi olan “İnkubasiya proqramı” vasitəsi ilə təmin ediləcəkdir.
Qeyd edək ki, “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.