Yenifail Qəhrəmanov,
Salyan rayon TTYS-nın baş həkimiİnsanların sağlamlığının qorunması pandemiya ilə bağlı mübarizə strategiyasının əsas xəttini təşkil edib və virusa qarşı mübarizənin ən effektiv yolu, şübhəsiz ki, peyvəndlərin tətbiqindən keçir. Ümumiyyətlə, vaksin etdirmək insanı və ətrafındakıları qorumaq üçün ən yaxşı üsuldur. İnsanı 1 və ya 2 həftə xəstə edən COVID-19 virusu qohumlar, uşaqlar və ya iş yoldaşları üçün ölümcül ola bilər. Dünyada hər il yüzlərlə insan peyvənd olunmadığı üçün vaksin tövsiyə edilən xəstəliklər ucbatından həyatını itirir, uşaqlarına, valideynlərinə və məsuliyyət daşıdığı insanlara qarşı öz öhdəliklərini yerinə yetirə bilmir.
Bir məqamı xüsusi qeyd etmək gərəkir ki, peyvəndlər digər insanları da qoruyur. Çox az sayda olsa da vaksinasiyaya əks göstərişi olan insanlar da var. Peyvənd olunanlar qazanılan immunitet sayəsində onları da qorumuş olur. Bu siyahıya vaksinasiya strategiyasına uyğun olaraq hamilə qadınlar, süd verən analar, 18 yaşdan kiçik vətəndaşlar da aiddir. COVID-19-a qarşı hazırlanmış peyvəndlər dünyada təxminən 3,9 milyona yaxın insanın ölümünə səbəb olan pandemiyanı dayandırmaq üçün həyati əhəmiyyətə malikdir. Bu mənada, vaksinasiya cəmiyyətimiz və ölkəmiz üçün olduqca önəmlidir. Məsələn, COVID-19 səbəbindən dünyanın hər yerində şagird və tələbələrin təhsili məhdudlaşıb. Dünyada 1 milyarda yaxın şagird təhsilini davam etdirə bilmədi. Pandemiya "müasir dövrdə təhsilə vurulan ən böyük zərbə" hesab edilə bilər. Bu səbəbdən vaksinasiya təhsildəki itkiləri bərpa etmək və uşaqlara etibarlı bir gələcək yaratmaq üçün çox vacibdir.
Eləcə də, peyvənd olunmaqla iqtisadiyyata vurulan ziyanın qarşısı alına bilər. COVID-19 səbəbindən turizm, iaşə obyektləri, hava yolu, səyahət və s. sahələrdə böyük iqtisadi itkilər yaşandı və dünyada milyonlarla insan iş yerini itirdi. Dünyada iqtisadi itkilərin bərpa olunması üçün vaksinasiya yeganə yoldur. Vaksinasiya ilə mədəni həyat canlanacaq, insanların gündəlik həyatında sosial aktivlik artacaq. Peyvənd milyonlarla insanın ölümünün qarşısının alınması, səhiyyə sisteminin rahatlaması və xəstəliyə xərclənən iqtisadi itkilərin azaldılması üçün yeganə üsuldur. Bir sözlə, vaksinasiya müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə üsullarındanən ən effektlisi, iqtisadi cəhətdən ən əlverişlisidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.