AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"6 ayınadək ana südü ilə qidalanan körpələr infeksion xəstəliklərə yoluxmurlar" - Pediatr

  • + A
  • - A
  • 4-08-2023, 10:54


    Hər il avqustun 1-dən 7-nədək dünyanın bütün ölkələrində “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” keçirilir.

    Beynəlxalq ekspertlər tərəfindən təyin edilib ki, körpə doğulduğu andan 6 ay müddətində yalnız ana südü ilə qidalanmalıdır.

    TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin 16 nömrəli Uşaq Poliklinikasının həkim-pediatrı Sevinc Vəliyevanın sözlərinə görə, ana südü təkcə körpələrin çəkisinin artmasına deyil, ən əsası immun sisteminin formalaşmasına kömək edir.

    “Çünki ana südünün tərkibi yağ, zülal, karbohidratlar, minerallar və vitaminlərlə zəngindir. Körpələr doğulduğu andan 6 ayına qədər yalnız ana südü ilə qidalanmalıdır. Bəzən analar südün su kimi olmasını və ya digər şikayətləri əsas gətirərək həkimə müraciət edirlər və uşağa süd verməkdən imtina edirlər. Lakin bu halda belə, körpələr qeyd edilən dövr ərzində yalnız ana südü ilə qidalanmalıdır. 6 ay ərzində süni əvəzedici qidalardan uzaq durmaq lazımdır”.

    Ana südü kifayət qədər olmadığı halda mütləq həkim-pediatrlara müraciət edilməlidir:

    “Pediatrlar ana südünün miqdarını müayinələrlə təyin edə bilir. Doğrudur, bəzən südün azlığı müşahidə edilən analara rast gəlinir. Ancaq unutmaq olmaz ki, miqdar yetərli qədər olmadıqda, müxtəlif üsullar vasitəsilə südün miqdarını artırmaq mümkündür. Ana südünün miqdarına təsir edən amillər sırasında həm də sosial-iqtisadi və psixoloji məqamlar da var. Bu baxımdan ailə ilə profilaktik söhbətlər aparırıq. Çünki süd verən analara evdə xüsusi diqqət və qayğı lazımdır ki, anaların orqanizmində hansısa dəyişikliklər baş verməsin. Anaya təsir edən neqativ hallar istər-istəməz körpəyə də təsirsiz ötüşmür”.

    6 aydan sonra 2 yaşına qədər körpələrin əlavə qidarla yanaşı, mütləq ana südü ilə qidalanmalı olduğunu deyən Sevinc Vəliyeva bildirir ki, ana südü uşaqları bütün infeksion xəstəliklərdən qoruyur:

    “Bu səbəbdəndir ki, körpələr doğulduğu andan 6 ayına qədər sırf ana südü ilə qidalandığı üçün infeksion xəstəliklərə yoluxmurlar. Ana südü körpəyə hazır antitellər ötürməklə onların immun sisteminin formalaşmasına kömək edir. Ana südü həm də uşağın sinir sisteminə, əqli və fiziki inkişafına müsbət təsir göstərir. Valideynlərə məsləhət görürük ki, mütəmadi olaraq həkim-pediatrlara müraciət etsinlər. Bu zaman həm uşaqların inkişaf dövrünə uyğun miqdarda ana südü ilə qidalandığından, eyni zamanda ana südünün təsir etdiyi boyatma hormonunun düzgün inkişafından əmin ola bilərlər”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR