08 oktyabr 2025-ci il tarixdə rayonun Təklə kəndində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun sakinlərlə növbəti səyyar görüş-qəbulu keçirilmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov səyyar görüş-qəbulunu açaraq ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə çıxış etmişdir.
Sonra rayon rəhbəri sözü Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Famil Cəfərova verərək ötən səyyar görüş-qəbulu zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti və ərazidə görülmüş işlər barədə ətraflı məlumat verməsini istəmişdir.
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Famil Cəfərov çıxış edərək ərazidə ötən qəbul zamanı 2 nəfər vətəndaş tərəfindən 2 məsələ qaldırıldığını, 1-nin müsbət həll olunduğunu, 1 məsələ ilə bağlı vətəndaşa qanunamüvafiq cavab verildiyini bildirmişdir.
Sonra Famil Cəfərov ərazidə görülmüş işlər barədə məlumat verərək qeyd etmişdir ki, şəhid ailələri, imtiyazlı şəxslərə və yardıma ehtiyacı olan insanlara məişət, kommunal və digər problemlərinin həlli ilə bağlı köməklik göstərilmiş, Təklə ərazisində 2,4 km məsafədə yola çınqıl döşənmiş və 750 metr məsafədə yol qreyderlə hamarlanmış, ərazidə 200 metr məsafədə suaparıcı kanallar təmizlənmiş, GPON lahiyəsi üzrə “Aztelekom” İB və “CityNet” MMC şirkəti tərəfindən ərazidə yeni internet xətti çəkilərək əhalinin istifadəsinə verilmişdir.
Daha sonra “Konstitusiya və Suverenlik ili” çərçivəsində isə 400 ədəd ağac əkilməsi, Sığıncaq kəndində şəhid Mehti Abbasovun xatirəsinə bulaq abidə kompleksinin tikilməsi, Ləngan kənd məscidinin əsaslı təmir olunması, Sığıncaq kənd qəbiristanlığında abadlıq işlərinin görülməsi, ərazidə olan dövlət bayraqları və şəhid lövhələrinin yenilənməsi barədə məlumatları görüş iştirakçılarının nəzərinə çatdırmışdır.
Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləmiş, qəbul zamanı qaldırılan məsələlərin qeydiyyata alınması və nəzarətdə saxlanılmasını təmin etmək məqsədi ilə tapşırıqlarını vermişdir.
Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirmişdir.