Mübariz Paşayev,
4 saylı Magistral avtomobil yollarının
istismarı MMC-nin rəisiAzərbaycan gəncliyi ölkəmizin bu günü və gələcəyinin əsas dayağı, dövlətçilik ənənələrinin davamçısıdır. Gənclərin intellektual, mənəvi və fiziki inkişafı hər zaman Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri olub. Müstəqil Azərbaycanda məqsədyönlü və sistemli gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilib.
1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyevin gənclər qarşısında qoyduğu tarixi vəzifə bu gün də öz aktuallığını qoruyur:
“Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.”
Bu çağırış gənclərin dövlətçilik məsuliyyətini, milli şüur və vətənpərvərlik ruhunu formalaşdıran əsas ideoloji xəttə çevrilmişdir.
İstedadlı gənclərə dövlət qayğısı – “Qızıl kitab”
Ulu Öndər Heydər Əliyevin 1996-cı il 22 iyun tarixli “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərmanı gənclərin yaradıcılıq və intellektual potensialının üzə çıxarılmasında mühüm mərhələ olub. Bu Fərmana əsasən Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” təsis edilmiş, adı bu kitaba yazılan gənclər üçün xüsusi dövlət təqaüdü müəyyən edilmişdir. Bu təşəbbüs gənclərin elmə, mədəniyyətə və yaradıcılığa marağını artırmaqla yanaşı, onlara dövlət səviyyəsində yüksək etimadın göstəricisi olub.
1999-cu il iyulun 29-da imzalanmış “Dövlət gənclər siyasəti haqqında” Fərman və 2002-ci il 9 aprel tarixində qəbul edilmiş “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu ölkədə gənclərlə bağlı fəaliyyətin hüquqi və institusional çərçivəsini müəyyən etmişdir. Bu sənədlər gənclərin sosial müdafiəsi, təhsili, məşğulluğu, sağlamlığı və ictimai həyatda fəal iştirakının təmin olunmasına yönəlmiş kompleks yanaşmanı formalaşdırıb.
Azərbaycan gənclərinin vətənpərvər ruhda tərbiyə olunması Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının əsas istiqamətlərindən biri olub. Onun “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir” fikri gənclər üçün ideoloji yol xəritəsi rolunu oynamışdır. Bu ideoloji xətt müasir dövrdə də gənclərin milli-mənəvi dəyərlərə sadiq, dövlətinə bağlı vətəndaş kimi formalaşmasını təmin edir.
Prezident İlham Əliyev dövründə gənclər siyasətinin yeni mərhələsi
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gənclərə göstərilən diqqət və qayğı daha da güclənmişdir. Dövlət başçısının vurğuladığı kimi, bu gün gənclər üçün imkanlar daha genişdir və bu imkanlardan səmərəli istifadə etmək onların həm şəxsi inkişafına, həm də dövlətə xidmətinə şərait yaradır.
2007-ci ilin “Gənclər ili” elan edilməsi, paytaxt və bölgələrdə “Gənclər evi” sosial xidmət müəssisələrinin yaradılması, gənclərin sosiallaşması və vətənpərvərlik ruhunda formalaşdırılmasına mühüm töhfə vermişdir.
2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, 2013-cü ildə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi, 2016-cı ildə Gəncə şəhərinin “Avropa Gənclər Paytaxtı” seçilməsi ölkə gəncliyinin beynəlxalq aləmdə tanıdılmasına və inkişafına xidmət etmişdir.
Gənc kadrların irəli çəkilməsi və institusional dəstək
“Yüksəliş” müsabiqəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin fəaliyyəti, könüllülər hərəkatının genişlənməsi gənclərin liderlik bacarıqlarının, idarəçilik keyfiyyətlərinin və sosial məsuliyyətinin artırılmasına yönəlmiş mühüm təşəbbüslərdir. Bu mexanizmlər gənclərin dövlət idarəçiliyində və ictimai həyatda fəal iştirakını təmin edir.
Dövlət proqramları və strateji inkişaf
Qəbul edilmiş çoxsaylı dövlət proqramları və inkişaf strategiyaları gənclərin təhsili, istedadının inkişafı, xaricdə təhsili və sosial rifahının yüksəldilməsinə xidmət edir. Bu sənədlər gənclər siyasətinin ardıcıl və uzunmüddətli xarakter daşıdığını nümayiş etdirir.
Zəfər tarixini yazan gənclər
Vətən uğrunda canından keçən, Azərbaycan Ordusunun sıralarında şücaətlə vuruşan gənclərimiz ölkəmizin ən yeni tarixini yazib. Onların qəhrəmanlığı nəticəsində əldə olunan Şanlı Zəfər dövlətimizin ərazi bütövlüyünü bərpa etmiş, müstəqillik dövründə yetişən gənclərin vətənpərvərlik ruhunun real təzahürünə çevrilib