Gecənin əli yox, ayağı yoxdu...
Canıma yapışmış yosundu gecə.
...sevmək var gecənin birində hələ,
hələ dərd çəkməyə uzundu gecə.
...uzun gecələrdə mən kiməm, axı?—
nə elə çaparam əməlli-başlı
nə elə minməyə atım da yoxdu.
...hardasa üstümdə tanrı kölgəsi,
hardasa öz kölgəm altımda yoxdu.
...gecələr özümə qayıtmaq çətin,
gecələr özümdən qaçıram...olmur.
Gündüz dərdləridi gecə dərdləri...
Gündüzlər çəkməyə macalım olmur.
...gecələr yatıram üzü dərdimə,
özümü dərdimə bükürəm, qardaş!
...gündüzlər çəkməyə həvəsim olmur,
mən dərdi gecələr çəkirəm, qardaş.—
...mən harda gizlənim bu gecələrdən?
...bu dərdin əlindən hara qaçım mən,
bəlkə qaçım burdan orda gizlənim?
...mən harda gizlənim bu gecələrdən?
Mən özüm-özümdən harda gizlənim?
...şer yazmaq günahmı? günahlarımı
sağımda-solumda mələklər yazır.
...başımın üstündə dar ağacıdı,
altında həmişə ölümüm hazır—
...mən harda gizlənim bu gecələrdən?!
***
Mən həqiqət yolçusuyam!
...yoluma, izimə gəldim.
...məna axtara-axtara
səbr ilə dözümə gəldim.
...eşq yoxdusa diri döyəm!
Haqqa doğru yürüdəyəm.
...mən bir Tanrı müridiyəm,
nizama-düzümə gəldim.
...astarı üzə çevirdim,
əyrini düzə çevirdim.
.. yönümü sözə çevirdim,
çevrildim sözümə gəldim.
...nə qandım nə əbəs etdim,
haqqı haqla əvəz etdim!..
...dürlü hikmətlər vəz etdim,
eşq ilə həzzimə gəldim.
Nahaq sor, bəhs ara...vardı?
Eh...qeyri bəs hara vardı?
...beşikdən məzara vardım,
ağıma bezimə gəldim.
...bəyaza yaşıla çıxdım,
ağladım — yaşıma çıxdım!
...hər yanda qarşıma çıxdım—
alnıma dizimə gəldim.
Qatıb yerini, göyünü...
Gördüm əcəlim deyinir!
Dost- dedim, içdim meyini...
Paşam der- özümə gəldim.
Paşa Talıblı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.