25 dekabr 2024-cü il tarixində Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov vətəndaşlarla növbəti səyyar görüş-qəbulunu Böyük Kolatan kəndində keçirmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov qəbula gələnləri salamlamış, ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə çıxış edərək səyyar görüş-qəbulunu açıq elan etmiş, sonra sözü Masallı RİHB aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elvin Fəttayevə verərək rayon rəhbəri ilə ötən görüş zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti və ərazidə görülmüş işlər barədə məlumat verməsini istəmişdir.
Aparatın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elvin Fəttayev ötən səyyar-görüş qəbulu barədə çıxış edərək qeyd etmişdir ki, ərazidə ötən qəbul zamanı keçirilmiş görüşdə 2 nəfər vətəndaş tərəfindən 2 müraciət olunduğu və müraciətlərin hər ikisinin müsbət həll olunduğu bildirilmişdir.
Şöbə müdiri ərazidə görülmüş işlər barədə məlumat verərək qeyd etmişdir ki, Şəhid ailələri, imtiyazlı şəxslərə və yardıma ehtiyacı olan vətəndaşlara məişət, kommunal və digər problemlərinin həlli ilə bağlı köməklik göstərilməsi, Bala Kolatan kənd orta məktəbinin əsaslı təmir olunması və əlavə 5 sinif otağı üçün binanın tikilməsi, ərazidə 450 metr kənddaxili küçəyə asfalt örtüyünün döşənməsi, Kolatan-Sığdaş yolunun 3 km hissəsinin cari təmir olunması, 2 km kənddaxili yola çınqıl tökülərək hamarlanması, ərazidə 1 ədəd transformatorun yenisi ilə əvəz olunması, 30 ədəd yararsız elektrik dirəyinin dəyişdirilməsi və 500 metr küçə işıqlandırılması sisteminin quraşdırılmasını bildirdi. Həmçinin Böyük Kolatan məscidi və Bala Kolatan kənd məktəbinə sayğac qoylaraq təbii qazla təmin olunması, GPON lahiyəsi üzrə “Aztelekom” İB və “SkyLink” MMC şirkətləri tərəfindən əraziyə yeni internet xətti çəkilərək əhalinin istifadəsinə verilməsi və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 1000 ədədə yaxın ağacın əkilməsi barədə məlumatları görüş iştirakçılarının nəzərinə çatdırmışdır.
İlk olaraq Birinci Qarabağ müharibəsində itkin düşərək şəhid statusu almış Simran Rzayevin anası Şəhrəbanı Mustafayeva çıxış edərək göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı Cənab İlham Əliyevə minnətdarlığını ifadə etdi.
Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləmiş və qəbul zamanı çıxış edən vətəndaşların müraciətinə həssaslıqla yanaşaraq qaldırılan məsələləri qeydiyyata alıb nəzarətə götürmüş və həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir.
Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirmişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.