AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 21 illik fəaliyyəti

  • + A
  • - A
  • Dünən, 16:30

    Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 21 illik fəaliyyəti

    Bu il Azərbaycan Xalqının Ümumilli lideri Heydər Əliyevin layiqli davamçısı Cənab Prezident İlham Əliyevin xalqın yekdil qərarı ilə Prezident seçilməsindən artıq 21 il keçir.
    Nəyi necə, nə vaxt etmək lazım olduğunu yaxşı bilən Cənab Prezident İlham Əliyevin özünün də dünyaya bəyan etdiyi kimi: "Əgər bizim bütün fəaliyyətimizin xronologiyasını izləsəniz, hətta İkinci Qarabağ müharibəsinin başlanmasına qədər getsəniz, siz bizim haqlı olduğumuzun məntiqini və güclü arqumentini görəcəksiniz... Biz hər şeyi düzgün etmişik".
    2003-cü il oktyabrın 15-də Cənab Prezident İlham Əliyev xalqdan mandat almış, oktyabrın 31-də isə Müqəddəs Qurani-Kərimə və Azərbaycan Respublikasının Konstitusiyasına əl basaraq Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edəcəyinə and içmişdi. Buna görə də prezidentlik fəaliyyəti dövründə qarşısına qoyduğu bir nömrəli vəzifə Azərbaycanın ərazi və suverenliyinin təmini idi və buna da nail oldu. Cəmi 44 gün ərzində Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin mükəmməl siyasi gedişləri, diplomatik bacarığı, hərbi taktikası sayəsində ərazisi işğal altında olan ölkədən zəfər ölkəsinə, xalqımız məğlub xalqdan qalib xalqa çevrildi.
    Vətən müharibəsinə qədərki prezidentlik fəaliyyəti dövründə münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün diplomatik siyasət həyata keçirən İlham Əliyev bütün beynəlxalq tribunalardan Azərbaycanın haqq səsini çatdırır, Ermənistanın işğalını əbədiləşdirmək istəyən qərəzli xarici ölkə və qurumlara qarşı mübarizə aparırdı. Ancaq həmin məkrli qüvvələr, Qarabağ münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsi üçün yönləndirilən ATƏT-in keçmiş Minsk qrupu məsələnin işğalçının xeyrinə olaraq sonsuzadək dondurulmasına çalışırdılar. Bütün bunlara görə 2019-cu ildə Valdayda "Qarabağ Azərbaycandır!" haqq nidasını səsləndirən cənab Prezident İlham Əliyev artıq Bakının səbir kasasının daşdığını dünyaya çatdırdı. Qətiyyətlə bildirdi ki, Azərbaycan öz ərazilərinin işğalı ilə barışmaq fikrində deyil.
    Beləliklə 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatlarına qarşı Vətən uğrunda "İrəli" əmri verən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev ərazilərimizin 30 illik işğalına son qoymağın zamanının çatdığının mesajını verdi. Savaşın ilk günündən qəhrəman döyüşçülərimiz addım-addım torpaqlarımızı işğaldan qurtarmağa başladılar. Müharibənin 44 günü ərzində kəndlərimizin, qəsəbələrimizin, şəhərlərimizin bir-bir azad olmasının müjdəsinin Prezident İlham Əliyev tərəfindən xalqımıza yetirilməsi xoş ənənəyə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük Şuşa zəfərini məhz Şəhidlər xiyabanından xalqımıza çatdırması isə xüsusi rəmzi məna daşıyırdı və bu, torpaqlarımız uğrunda canlarını qurban verən oğul və qızlarımızın qisasının alındığına işarə idi. İkinci Qarabağ savaşının 44 günü ərzində rəşadətli Azərbaycan Ordusunun düşmənin başına endirdiyi sarsıdıcı "dəmir yumruq" zərbəsinin təsiri idi ki, Ağdam, Kəlbəcər, Laçın bir güllə atılmadan, bir itki verilmədən azad edildi.
    Vətən müharibəsindəki möhtəşəm zəfər onilliklər boyu talanan, daşı daş üstə qalmayan, viranəyə çevrilən ərazilərimizi düşmən tapdağından qurtardı. Yüz minlərlə keçmiş məcburi köçkünümüzün yurd həsrətini bitirdi. Azadlıqlarının üzərindən dərhal sonra həmin şəhər, qəsəbə və kəndlərimizdə genişmiqyaslı quruculuq və bərpa işlərinə start verildi, çox keçmədən Qarabağ və Şərqi Zəngəzura Böyük qayıdış həyata keçirildi. Bir zamanlar yurdlarından didərgin düşərək ölkəmizin dörd tərəfinə səpələnmiş keçmiş məcburi köçkünlərimiz mərhələli şəkildə öz dədə-baba torpaqlarına qaytarılmağa başladı. Cəmi 23 saat ərzində Qalib Lider İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam təmin olundu, üçrəngli, ay-ulduzlu bayrağımız bütün ərazilərimizdə dalğalandırıldı.
    "Biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan gerbi, Azərbaycan bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. ...Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər". Ötən il oktyabrın 15-də Xankəndidən xalqımıza müraciət edən Prezident İlham Əliyevin qürurla vurğuladığı kimi, bu, İlahi ədalət, haqqın öz yerini tapması demək idi. 2023-cü il sentyabrın 19-da başlayıb 20-də ildırım sürəti ilə bitən və dünya erməniliyinə, onlara havadarlıq edən xarici qüvvələrə dünyanı dar edən antiterror tədbirləri Qarabağda separatizmin kökünü birdəfəlik kəsdi, tarixi torpaqlarımızdakı quldur yuvasını darmadağın etdi.
    Azərbaycanın qürurla ev sahibliyi etdiyi COP29 Konfransı sadəcə iqlim dəyişikliyi mövzusunda deyil, həm də ölkənin beynəlxalq səviyyədə öz liderlik qabiliyyətini nümayiş etdirmək yolunda tarixi bir addım oldu. Bakı dünya siyasətinin qəlbi kimi döyünərək, ən mürəkkəb problemlərin müzakirə olunduğu bir məkana çevrildi. Bu konfrans Azərbaycanın yalnız bir müşahidəçi deyil, qlobal çağırışlara cavab verən bir lider olduğunu bütün dünyaya sübut etdi.
    Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, formalaşdırdığı səmərəli dövlət idarəçiliyi sayəsində son 21 ildə Azərbaycanın regional və beynəlxalq nüfuzu getdikcə artmış, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazdakı geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mövqeləri daha da güclənmişdir. Ölkənin təbii ehtiyatlarından, coğrafi mövqeyindən, maddi, mənəvi və insan resurslarından səmərəli istifadəyə, transmilli nəqliyyat-kommunikasiya və enerji dəhlizləri sahəsində həyata keçirilən uğurlu regional siyasət və düzgün mövqe seçiminə, daxili və xarici siyasətin müstəqillik əmsalına, sosial-iqtisadi inkişafın davamlılıq və dinamiklik göstəricilərinə, gələcək inkişaf potensialına və digər parametrlərinə görə də hazırda Azərbaycan regionun özünü tam təmin edən dövlətləri sırasında ilk üçlükdə qərarlaşmışdır. Qalib Lider İlham Əliyevin bundan sonra da xalqımıza hələ çox qürurlu, şanlı günlər yaşadacağına tam əminik.

    Fəttayev Elvin Sabir oğlu
    YAP Masallı Rayon İcra Hakimiyyəti partiya təşkilatının sədri


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR