Azərbaycan, Türkiyə və Pakistan - üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirirlər.Üçtərəfli Zirvə görüşündə qardaş ölkələrin bir daha strateji əməkdaşlığı təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən bugünkü mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür.
30 il ərzində işğal altında qalan Laçın şəhərində bu üç ölkənin birgə olması böyük rəmzi məna daşıyır. Çünki 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanı, Türkiyə və Pakistan dəstəkləmişdir. Türkiyənin və Pakistanın dəstəyi ölkəmizi ruhlandırırdı, əlavə güc verirdi.
44 gün davam edən müharibədə canını Vətənə fəda edən qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı, canı bahasına illərdir düşmən tapdağı olan torpaqlarımz nəhayət, azad edildi. Azərbaycanın qəhrəman oğul və qızları bir an fikirlışmədən belə həyatlarını, sağlamlıqlarını bu möhtəşəm Zəfərin əldə edilməsi üçün fəda etdilər. Onların şücaəti, göstərdikləri rəşadət daim Azərbaycan xalqının yaddaşında əbədi var olacaq, xatirələri ehtiramla anılacaq. Bu mənada təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə Vətən müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Bu, şəhidlərimizin ruhuna yüksək hörmət olmaqla yanaşı, həm də onların xalqın qəlbində əbədi yaşamalarının təzahürüdür. İndiki və gələcək nəsillər bundan sonra yüzilliklər, minilliklər boyu bu Qələbəni xalqımız bəxş edənlərin, qazanılan Zəfərin əzəmətini daim xüsusi qürur və fəxarətlə anacaqlar.
Məhz bu Qələbə sayəsində ölkəmiz təkcə ərazi bütövlüyünü bərpa etmədi, eyni zamanda Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsi kimi ağır bir mirasın gələcək nəsillərə ötürülməsinin qarşısı alındı. Azərbaycan son 200 ildə torpaq itirən dövlətdən, itirdiyi əraziləri geri alan ölkəyə çevrildi. Həm də bunu olduqca mürəkkəb geosiyasi vəziyyətdə, dünyada ikili standartların hökm sürdüyü, düşmən səmtində yer alanların çox olduğu bir şəraitdə bacardı. Bütün bunlar tarixi Qələbənin nə dərəcədə möhtəşəm olduğunu bir daha göz önündə canlandırır, hər bir soydaşımızın “Mən azərbaycanlıyam” sözlərini daha böyük fəxrlə səsləndirməsinə səbəb olur.
Barəsində hələ çox danışılacaq Zəfərimizin qayəsində, kökündə duran başlıca səbəb, həlledici amil xalqımızın vahid amal uğrunda dəmir yumruq kimi birləşməsi, öz Liderinə sonsuz güvəni, onun qərarlarını bir an belə tərəddüd etmədən dəstəkləməsidir. Bu mənada Azərbaycan xalqına sonsuz sevinc bəxş edən Qələbəmizin əsas memarı heç şübhəsiz ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Beynəlxalq münasibətləri nəzəri və emprik səviyyədə dərindən bilən Prezident İlham Əliyev ölkəmizin müstəqil dövlət kimi mövcudluğu, sabit, davamlı və inamlı inkişafının təmin edilməsi istiqamətində mühüm addımlar ataraq, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasını uğurla reallaşdırararaq tarixin ən güclü Azərbaycanını yaratdı. Dövlət başçısı tərəfindən Ulu öndərin müəllifi olduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi Azərbaycanı dünyanın ən dinamik inkişaf edən ölkələri sırasına daxil etdi, onu bugünkü yüksəliş və tərəqqi zirvəsinə çatdırdı. Beləliklə, Azərbaycan dünyanın əmin güclü ölkələrindən biri kimi ərazi bütövlüyünün bərpası istiqamətində müqəddəs savaşa qatıldı.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu savaşın gedişində çoxsaylı uğurlu hərbi əməliyyatları ilə bütün dünyaya səs saldı, yeni əsrin yeni müharibə modelini yaratdı. Buna paralel olaraq Azərbaycan Prezidenti diplomatik, siyasi və informasiya cəbhəsində nə qədər mahir strateq, yenilməz sərkərdə olduğunu da konkret fəaliyyəti ilə isbata yetirdi. Azərbaycan dövlət başçısının müdrikliyi, təmkini, nəyi, necə, nə vaxt etmək lazım olduğunu dəqiq bilməsi, böyük uğurla xalq-Prezident-ordu vəhdətini formalaşdırması, Silahlı Qüvvələrimizdə böyük ruh yüksəkliyi yaratması böyük Qələbənin qazanılmasında müstəsna rol oynadı.
Qeyd edilənlər bir daha olduqca aydın şəkildə nümayiş etdirir ki, Prezident İlham Əliyevin fəaliyyəti boyu gənclərə daim diqqət və qayğı göstərməsi mühüm əhəmiyyət daşıyıb, konkret nəticələrə, daha güclü Azərbaycan qurmağa hesablanıb. Dövlət başçısının xüsusi diqqəti Azərbaycan gəncliyinin cəmiyyətin aparıcı qüvvəsi kimi çıxış etməsini, sabitliyin, təhlükəsizliyin təmin olunmasında, möhkəmlənməsində xüsusi rol oynamasını şərtləndirib. Bu siyasətin ən yüksək nəticəsi isə özünü Vətən müharibəsində, tarixi Qələbənin qazanılmasında bariz şəkildə göstərdi.
Bu gün ən qürurverici hadisə şübhəsiz ki, tarixi torpaqlarımızın düşməndən təmizlənməsi və gələcəkdə öz yurdundan didərgin düşən soydaşlarımızın ata-baba ocağına qayıtması hadisəsidir. Şəhidlərimizin qanı axıdılmış torpaq bu gün Vətən torpaqlarına birləşib ki, bundan sonra ona yad əli uzana bilməz. Bundan sonra hər bir azərbaycanlının üzərinə düşən ən ümdə vəzifə Vətənimizin hər qarışını göz bəbəyi kimi qoruyub onu tam şəkildə gələcək nəsillərə əmanət etmək, şəhidlərimizin ruhunu daim uca tutub onları gələcək nəsillərə Vətənpərvərlik nümunəsi göstərmək və ölkəmizi dünyada layiqincə təmsil edib, üçrəngli bayrağımızı daim yüksəklərdə dalğalandırmaqdır. Yaşasın Azərbaycan!
YAP Masallı rayon təşkilatının məsləhətçisi Eldar Kazımov.