24 iyul 2025-ci il tarixdə Masallı rayon Heydər Əliyev adına Parkda Masallı Rayon İcra Hakimiyyəti, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Gənclər və idman Nazirliyinin yaranmasının 31 illiyinə həsr olunmuş “II Regional Gənclər Festivalı” keçirilmişdir.
Festivalda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, milli Məclisin deputatı Məşhur Məmmədov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, digər rəsmi şəxslər, media nümayəndələri və Masallı, Cəlilabad, Lənkəran, Lerik, Yardımlı, Astara rayonlarından olan gəncləri iştirak etmişdir.
Öncə tədbir iştirakçıları Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin abidəsi qarşısına tər gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad etdilər.
Daha sonra festival iştirakçıları idmançıların nümunəvi çıxışları, Masallı Gənclər Evi SXM-nin, Masallı Dövlət Rəsm Qalereyasının, Masallı rayon Tarix-Diyarşünaslıq Muzeyinin, Əlil Sahibkarlar İctimai Birliyinin, Masallı rayon Mərkəzi Kitabxana Sisteminin, Uşaq Gənclər İnkişaf Mərkəzi, Uşaq gənclər İdman Şahmat Məktəbinin, dulusçuluq və misgərlik məmulatlarından ibarət stendlərinə baxış keçirib, digər qurumların hazırladıqları təqdimat stendləri ilə yaxından tanış olublar.
Festival Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov bildirdi ki, Ulu Öndər gənclərə həmişə böyük qayğı, sevgi ilə yanaşırdı. Çox yaxşı bilirdi ki, ölkəmizin gələcəyi gənclərin əlində olacaq. Bugünki Azərbaycan gəncliyi Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclərə olan diqqəti və qayğını dərin ehtiram hissi ilə xatırlayır.
Ölkəmizdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu gənclər siyasəti eyni ardıcıllıqla davam etdirilir. Biz tarixi hadisələrlə zəngin bir dövrü yaşayırıq. Azərbaycan öz tarixində heç vaxt olmadığı qədər müstəqil və güclü dövlətə malikdir. O, regionda və dünyada sayılır və dövlətimizlə hesablaşırlar. Bunun arxasında əzmkarlıq, mübarizlik və düşünülmüş uzaqgörən siyasətin davamçısı cənab Prezident İlham Əliyevin liderliyi dayanır.
Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər.
Sonra Milli Məclisin deputatı Məşhur Məmmədov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə bildirmişdir ki, bütün gənclər cənab Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi, beynəlxalq sferada nüfuzunun artırılması, respublikanın ərazi bütövlüyünün bərpa olunması naminə irəli sürdüyü siyasəti və gördüyü işləri dəstəkləyir.