Əziz Masallı sakinləri!
Sizi Masallı rayonunun inzibati rayon statusu almasının 95 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirik!
XIX əsrin ortalarında Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının ərazisi Lənkəran qəzası adlanırdı. 08 avqust 1930-cu ildə Masallı inzibati rayonu yaradıldı və Masallının adı respublika xəritəsinə rayon mərkəzi kimi daxil oldu.
Masallı özünün 95 illik tarixi ərzində böyük bir inkişaf yolu keçmiş, kənd təsərrüfatı rayonuna və mədəni mərkəzə çevrilmişdir. Bütün bunların mənbəyində isə Masallını qurub yaradanların-rəhbər şəxslərin, elm, peşə və sənət adamlarının əməyi olmuşdur. Bu gün Masallının sosial-mədəni həyatında mühüm irəliləyiş və dəyişikliklər baş verir, təhsilli cəmiyyət, böyük iqtisadi potensial və yüksələn rifah sayəsində rayon yeni bir inkişaf mərhələsini yaşayır.
Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyev müxtəlif dövrlərdə Masallıya səfərlər etmiş və rayon vətəndaşlarının vətənə olan sevgisini, bağlılığını görərək demişdir: “Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi azərbaycan vətəndaşları yaşayır”.
Masallıya daim diqqət və qayğı ilə yanaşan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rayona səfərləri zamanı Masallının sosial-iqtisadi inkişafı barədə bildirmişdir ki: “Mən çox şadam ki, Masallı çox sürətlə inkişaf edir, gözəlləşir, abadlaşır”.
Masallılar Böyük Vətən müharibəsində, Çernobıl qəzasının ləğvində, I və II Qarabağ döyüşlərində də fəal iştirak ediblər. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsinə Masallıdan 11 minə yaxın insanın döyüşlərə qatıldığı təxmin edilir. Həmçinin 6500-dən çox şəxs həlak olmuş və ya itkin düşmüşdür.Çernobıl qəzası nəticəsində 96 nəfər rayon sakini əlil olmuş, I Qarabağ döyüşündə 620 müharibə iştirakçısı olub, onlardan da 186 nəfəri şəhid, 35 nəfəri itkin düşüb, 188 nəfəri isə müharibə əlili olmuşdur. 3 nəfəri - Məmmədov Səfəralı Qurban oğlu, Hüseynov Elşad Eynulla oğlu, Əhədov Elşad Saday oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb, 2 nəfərinə- Dəmirov Firudin Əlibala oğlu və Ağayev Elşad Aşur oğluna isə “Azərbaycan Bayrağı” ordeni verilmişdir. Aprel döyüşlərində şəhid olmuş Bağırzadə Firdovsi Əliş oğlu və Əsgərli Nurlan Bayram oğlu “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı, Tovuz döyüşlərində şəhid olmuş Novruzov Anar Gülverdi oğlu isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.
Vətən Müharibəsində 1400 nəfər rayon sakini iştirak etmiş, onlardan 70 nəfəri müharibə əlili, 51 nəfəri şəhid olmuşdur.3 nəfəri-Əsgərli İntiqam Bayram oğlu, Nadirov Rəşad Soltanağa oğlu, Cəfərov Ramiz Sübhan oğlu “Vətən Müharibəsi Qəhrəmanı” adını almış, həmçinin 5 nəfər “Azərbaycan Bayrağı”, 3 nəfər 3-cü dərəcəli “Rəşadət”, 10 nəfər isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
227 mindən çox əhalisi, 721 kvadrat km ərazisi, 37 inzibati ərazisində 1 şəhər, 2 qəsəbə və 100 kənd olmaqla 103 yaşayış məntəqəsi olan Masallı sakinlərinə bu əlamətdar gündə rifah, xoşbəxtlik və yeni uğurlar arzulayırıq. Qoy doğma Masallımız daha da inkişaf etsin, çiçəklənsin və gələcək nəsillərə daha da güclü şəkildə ötürülsün!
Hörmətlə,
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov