Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra dövlətimizin həyata keçirdiyi ən mühüm və strateji layihələrdən biri Böyük Qayıdış proqramıdır. Bu proqramın əsas hədəfi işğaldan azad olunmuş torpaqlara həyatın geri qaytarılması, əhalinin öz doğma yurdlarında yenidən məskunlaşdırılmasıdır. Bu gün Laçın rayonunun sakinləri doğma torpaqlarına qayıdaraq yeni həyatın sevincini yaşayırlar.
Laçınlıların ata-baba yurduna dönüşü təkcə bir köç prosesi deyil, həm də tarixi ədalətin bərpası, xalqımızın böyük qələbəsinin praktiki nəticəsidir. Uzun illər yurd həsrəti çəkən insanlar bu gün dövlətin dəstəyi ilə müasir evlərdə yaşayır, öz doğma torpaqlarında yeni həyat qururlar. Onların sevinc və qürur dolu anları bütün Azərbaycan ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır.
Qayıdışın mümkün olması üçün Laçında genişmiqyaslı yenidənqurma və infrastruktur layihələri həyata keçirilib. Qısa müddətdə şəhərdə və kəndlərdə elektrik, su, qaz və kommunikasiya xətləri çəkilmiş, yollar salınmış, müasir tipli evlər tikilmişdir. Məktəblər, səhiyyə müəssisələri, mədəniyyət ocaqları, həmçinin idman infrastrukturu inşa olunaraq sakinlərin istifadəsinə verilir. Bu layihələr laçınlıların rahat məskunlaşması və yüksək həyat şəraitinə malik olması üçün mühüm zəmin yaradır.
Laçına qayıdan əhalinin sosial rifahı dövlət tərəfindən xüsusi diqqət mərkəzində saxlanılır. Yeni iş yerlərinin yaradılması, istehsal müəssisələrinin fəaliyyətə başlaması, kənd təsərrüfatının inkişaf etdirilməsi bölgənin iqtisadi potensialını artırır. Əhalinin məşğulluğu ilə bağlı həyata keçirilən tədbirlər sayəsində laçınlıların gündəlik həyatları daha da sabit və firavan hala gəlir.
Qayıdış prosesi həm də milli-mənəvi dəyərlərimizin qorunması baxımından böyük önəm daşıyır. İnsanların doğma torpaqlarına qayıdışı qədim adət-ənənələrimizin dirçəlməsinə, ata-baba ocaqlarının bərpasına və tarixi irsimizin yaşadılmasına şərait yaradır. Bu gün Laçında ucalan yeni evlər, tikilən məktəblər və qurulan müəssisələr gələcək nəsillər üçün güclü təməl olacaqdır.
Sevindirici haldır ki, Laçın rayonuna köçürülən hər bir ailə dövlət tərəfindən təmin edilən müasir şəraitlə qarşılanır. Sakinlərin səmimi sevinci, dövlətə və orduya olan minnətdarlığı, azad edilmiş torpaqlarda yeni həyata başlamaq arzusu Azərbaycanın birliyinin, gücünün və qətiyyətinin bariz nümunəsidir.
Bu gün laçınlıların doğma yurda dönüşü təkcə onların şəxsi sevinc anı deyil, həm də bütün Azərbaycan xalqının qələbə sevincinin davamıdır. Qayıdış prosesi sübut edir ki, dövlətin qətiyyətli siyasəti və xalqın sarsılmaz iradəsi ilə uzun illər həsrətində olduğumuz torpaqlarda həyat yenidən bərpa olunur.
Laçın artıq yalnız tariximizin qəhrəmanlıq səhifəsi deyil, həm də bu günümüzün inkişaf rəmzinə çevrilməkdədir. Doğma yurda dönüş isə xalqımızın milli həmrəyliyinin, dövlətimizin gücünün və gələcəyə inamının ən parlaq göstəricisidir.
Samir Əliyev, YAP Masallı rayon təşkilatı, partiya fəalı.