AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın ədalətli mövqeyinə beynəlxalq dəstək artır

  • + A
  • - A
  • Bu gün, 17:44

    Azərbaycanın ədalətli mövqeyinə beynəlxalq dəstək artır

    Azərbaycanın beynəlxalq hüquqa əsaslanan və ədalət prinsiplərinə söykənən mövqeyi bu gün beynəlxalq təşkilatlar tərəfindən ardıcıl şəkildə dəstəklənir.

    Ölkəmiz regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması istiqamətində mühüm təşəbbüslərlə çıxış edir, beynəlxalq hüquqa və ədalətə hörmət prinsiplərini daim ön planda saxlayır.

    Müxtəlif beynəlxalq təşkilatların qəbul etdiyi qərar və bəyanatlar Azərbaycanın haqlı mövqeyini dəfələrlə təsdiqləmişdir. BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və digər qurumlar Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə birmənalı dəstək ifadə ediblər. Bu, ölkəmizin beynəlxalq hüquqa uyğun şəkildə apardığı siyasətin nə qədər ədalətli olduğunu bir daha göstərir.

    Bu dəstəyin real nəticələrindən biri də Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərini uğurla həyata keçirməsidir. Beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən Azərbaycanın mövqeyi bu gün bölgədə yeni reallıqlar yaradıb. Bu reallıqlar əsasında Azərbaycan öz tarixi torpaqlarında dirçəliş və inkişaf prosesinə başlayıb.

    Prezident İlham Əliyevin Kəlbəcər rayonuna etdiyi səfər də Azərbaycanın ədalətli mövqeyinin və yaratdığı yeni reallıqların bariz nümunəsidir.

    Dövlət başçısının Kəlbəcərə səfəri zamanı görülən genişmiqyaslı bərpa-quruculuq işləri, müasir infrastruktur layihələrinin həyata keçirilməsi, yeni yolların, elektrik stansiyalarının, sosial obyektlərin istifadəyə verilməsi Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsindən sonra bölgədə həyatın necə sürətlə bərpa olunduğunu nümayiş etdirir.

    Kəlbəcər və digər işğaldan azad edilmiş rayonlarda aparılan tikinti-bərpa prosesləri yalnız Azərbaycanın gücünü deyil, həm də beynəlxalq dəstəyin praktiki nəticəsini əks etdirir. Dünyanın aparıcı təşkilatları və nüfuzlu dövlətləri Azərbaycanın bu fəaliyyətini müsbət qiymətləndirir, regionda sülhün və inkişafın təmin olunması baxımından vacib hesab edirlər.

    Azərbaycanın mövqeyinə beynəlxalq dəstək həm diplomatik, həm siyasi, həm də iqtisadi müstəvidə özünü göstərir. Bu gün Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması istiqamətində irəli sürülən təşəbbüslərin əsas aparıcı qüvvəsi məhz Azərbaycandır. Beynəlxalq təşkilatlar da bu reallığı qəbul edir və Azərbaycanın ədalətli mövqeyini dəstəkləməklə bölgədə sabitliyin möhkəmlənməsinə töhfə verirlər.

    Bütün bunlar bir daha sübut edir ki, Azərbaycanın siyasəti həm milli maraqlara, həm də beynəlxalq hüquqa əsaslanır. Prezident İlham Əliyevin Kəlbəcərə səfəri bu siyasətin praktik təsdiqi olmaqla yanaşı, həm də beynəlxalq təşkilatların dəstəklədiyi yeni reallıqların bölgədə necə uğurla həyata keçirildiyini göstərir.

    Afəddin Kərimov, YAP Masallı rayon təşkilatı, YAP fəalı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR