AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vaşinqtonda hər üç dövlət başçıları tərəfindən imzalanan sənəd mühüm tarixi əhəmiyyət kəsb edir

  • + A
  • - A
  • Bu gün, 13:17

    Vaşinqtonda hər üç dövlət başçıları tərəfindən imzalanan sənəd mühüm tarixi əhəmiyyət kəsb edir

    Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ dövlət başçılarının iştirakı ilə imzalanmış sənəd, Cənubi Qafqaz regionunda yeni bir mərhələnin başlanğıcı kimi tarixə düşdü. Bu sənəd yalnız iki ölkə arasında münasibətlərin tənzimlənməsi üçün deyil, bütövlükdə bölgədə sülhün və davamlı sabitliyin təmin olunması baxımından böyük strateji əhəmiyyət kəsb edir.

    Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycan müharibə dövrünü arxada qoyaraq, gələcəyə baxmaq və regionda əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

    Prezidentin “Əl Cəzirə” kanalına verdiyi müsahibəsində də vurğuladığı kimi, əsas məqsəd xalqlar arasında qarşıdurma və düşmənçiliyə son qoymaq, ədalətli sülhü təmin etməkdir. Vaşinqtonda imzalanmış sənəd bu baxımdan tarixi bir addım olaraq, məhz yeni reallıqların təsdiqini ifadə edir.

    Bu razılaşma həm də beynəlxalq ictimaiyyətin Azərbaycanın mövqeyinə dəstəyinin açıq göstəricisidir. ABŞ kimi aparıcı bir dövlətin vasitəçiliyi ilə sənədin imzalanması, regionun gələcək inkişafına beynəlxalq marağın artdığını nümayiş etdirir. Eyni zamanda, sənəd, sərhədlərin dəqiq müəyyənləşdirilməsi, kommunikasiyaların açılması və qarşılıqlı etimadın gücləndirilməsi üçün əsas hüquqi çərçivə yaradır.

    İlham Əliyevin mövqeyi birmənalıdır: Azərbaycan yalnız ədalətli şərtlər əsasında sülhün tərəfdarıdır. Prezident dəfələrlə bildirib ki, işğal dövründə dağıdılmış torpaqlar bərpa edilir, yeni infrastruktur qurulur və bu torpaqlarda həyat yenidən canlanır. Vaşinqton sənədi məhz bu istiqamətdə atılan ən mühüm addımlardan biri olaraq, gələcək əməkdaşlığın təminatçısına çevrilir.

    Sənədin əhəmiyyəti yalnız siyasi və diplomatik müstəvidə deyil, həm də humanitar planda böyükdür. Çünki region xalqları üçün uzun illər davam edən gərginlik, müharibə və qeyri-müəyyənlik yeni perspektivlərlə əvəzlənir. Bu isə iqtisadi inteqrasiyanı gücləndirəcək, insanların rifahına və regionun ümumi inkişafına töhfə verəcəkdir.

    Beləliklə, Vaşinqtonda üç dövlət başçısının imzaladığı sənəd Cənubi Qafqaz tarixində dönüş nöqtəsi olaraq yadda qalacaq. Bu sənədin həyata keçirilməsi ilə bölgədə yeni bir sabitlik mərhələsinin başlanacağına inanılır. Azərbaycan isə bu prosesdə sülhün əsas təşəbbüskarı və aparıcı qüvvəsi kimi öz mövqeyini bir daha təsdiqləmiş oldu.


    Eldəniz Musalı, YAP Masallı rayon təşkilatı, DAİM ərazi partiya təşkilatının sədr müavini


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR