03 sentyabr 2025-ci il tarixdə rayonun Köhnə Alvadı kəndində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun sakinlərlə növbəti səyyar görüş-qəbulu keçirilmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov səyyar görüş-qəbulunu açaraq ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə çıxış etmişdir.
Sonra rayon rəhbəri sözü Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elvin Fəttayevə verərək ötən səyyar görüş-qəbulu zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti və ərazidə görülmüş işlər barədə ətraflı məlumat verməsini istəmişdir.
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elvin Fəttayev çıxış edərək ərazidə ötən qəbul zamanı 2 nəfər vətəndaş tərəfindən 2 məsələ qaldırıldığını, 2 məsələnin də müsbət həll olunduğunu bildirmişdir.
Sonra Elvin Fəttayev ərazidə görülmüş işlər barədə məlumat verərək qeyd etmişdir ki, şəhid ailələri, imtiyazlı şəxslərə və yardıma ehtiyacı olan insanlara məişət, kommunal və digər problemlərinin həlli ilə bağlı köməklik göstərilmiş, Köhnə Alvadı ərazisində 200 metr kənddaxili yol qreyderlə hamarlanmış və 1 km məsafədə kənddaxili yola çınqıl döşənmiş, 6 ədəd transformator quraşdırılmış və hazırda SİP kabelləşmə prosesi davam edir, ərazidə 1 km məsafədə suaparıcı kanallar təmizlənmiş, GPON lahiyəsi üzrə “Aztelekom” İB və “CityNet” MMC şirkəti tərəfindən ərazidə yeni internet xətti çəkilərək əhalinin istifadəsinə verilmişdir.

Şöbə müdiri daha sonra “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 500 ədəd, “Konstitusiya və Suverenlik ili” çərçivəsində isə 200 ədəd olmaqla ümumilikdə 700 ədəd ağac əkilməsi, Köhnə Alvadı kəndində 250 metr məsafədə küçə işıqlandırma sisteminin quraşdırılması, Köhnə Alvadı kənd tam orta məktəbində kombi sisteminin quraşdırılması, kəndin giriş lövhəsinin yenisi ilə əvəz olunması, ərazidə olan dövlət bayraqları və şəhid lövhələrinin yenilənməsi barədə məlumatları görüş iştirakçılarının nəzərinə çatdırmışdır.
Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləmiş, qəbul zamanı qaldırılan məsələlərin qeydiyyata alınması və nəzarətdə saxlanılmasını təmin etmək məqsədi ilə tapşırıqlarını vermişdir.
Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirmişdir.