10 sentyabr 2025-ci il tarixdə rayonun Sığdaş kəndində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun sakinlərlə növbəti səyyar görüş-qəbulu keçirilmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov səyyar görüş-qəbulunu açaraq ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə çıxış etmişdir.
Sonra rayon rəhbəri sözü Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi Famil Cəfərova verərək ötən səyyar görüş-qəbulu zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti və ərazidə görülmüş işlər barədə ətraflı məlumat verməsini istəmişdir.

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi Famil Cəfərov çıxış edərək ərazidə ötən qəbul zamanı 3 nəfər vətəndaş tərəfindən 4 məsələ qaldırıldığını, 1-nin müsbət həll olunduğunu və 3 məsələ ilə bağlı vətəndaşa qanunamüvafiq cavab verildiyini bildirmişdir.Sonra Famil Cəfərov ərazidə görülmüş işlər barədə məlumat verərək qeyd etmişdir ki, şəhid ailələri, imtiyazlı şəxslərə və yardıma ehtiyacı olan insanlara məişət, kommunal və digər problemlərinin həlli ilə bağlı köməklik göstərilmiş, Sığdaş ərazisində 100 metr məsafədə asfalt örtüyü döşənmiş, 1.5 km kənddaxili yol qreyderlə hamarlanmış və 6.5 km məsafədə kənddaxili yola çınqıl döşənmiş, Ərazidə 3 ədəd transformator quraşdırılmış, 20 ədəd elektrik dirəyi və 1 km elektrik xətti yenisi ilə əvəz olunmuş, ərazidə 500 metr məsafədə suaparıcı kanallar təmizlənmiş, GPON lahiyəsi üzrə “Aztelekom” İB və “CityNet” MMC şirkəti tərəfindən ərazidə yeni internet xətti çəkilərək əhalinin istifadəsinə verilmişdir.

Daha sonra “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 550 ədəd, “Konstitusiya və Suverenlik ili” çərçivəsində isə 200 ədəd olmaqla ümumilikdə 750 ədəd ağac əkilməsi, Sığdaş ərazisində 4 km məsafədə küçə işıqlandırma sisteminin quraşdırılması, Xanalıyan kənd məscidinə qaz xətti çəkilməsi və əsaslı təmir işləri aparılması, Babaküçə kənd məscidinə elektrik sayğacının quraşdırılması, Müharibə əlili Ağasəlim Mirzəyevin fərdi yaşayış evinin tikintisinə Rayon İcra Hakimiyyəti tərəfindən tikinti materialları köməkliyi göstərilməsi, Sığdaş kəndində yerləşən şəhidlər bulağına şəhid İsmayıl İsayevin şəkili olan lövhənin quraşdırılması, Sığdaş kəndində 20 metr uzunluğunda olan körpünün genişləndirilməsi və maneə yaradan qaz xəttinin yerinin dəyişdirilməsi, Sığdaş kəndinin giriş qapısının əsaslı təmir olunması, Sığdaş kəndində artezian içməli su quyusunun qazılması və sakinlərin istifadəsinə verilməsi, Sığdaş ərazisində olan kəndlərin girişinə yeni istiqamətləndirici lövhələrin quraşdırılması, Xanalıyan kəndində şəhid Mail Babayev və şəhid Nizami Bağışovun məzar daşlarının dəyişdirilərək mərmər daşlarla əvəz olunması, Xanalıyan kəndində çayın üzərinə 3 ədəd suötürücü borunun qoyulması, Sığdaş kəndində içməli su bulağından şəhidlər bulağına 700 metr məsafədə su xəttinin çəkilməsi, ərazidə olan dövlət bayraqları və şəhid lövhələrinin yenilənməsi barədə məlumatları görüş iştirakçılarının nəzərinə çatdırmışdır.


Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləmiş, qəbul zamanı qaldırılan məsələlərin qeydiyyata alınması və nəzarətdə saxlanılmasını təmin etmək məqsədi ilə tapşırıqlarını vermişdir.
Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirmişdir.