AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Konstitusiya və Suverenlik ili: Azərbaycanın hüquqi və dövlətçilik inkişafı

  • + A
  • - A
  • Bu gün, 14:55

    Konstitusiya və Suverenlik ili: Azərbaycanın hüquqi və dövlətçilik inkişafı

    Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzalamışdır. Bu qərar Azərbaycanın dövlətçilik tarixində mühüm əhəmiyyətə malik olan iki əsas hadisə - Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və dövlət müstəqilliyinin bərpasının 34-cü ildönümü ilə bağlıdır.

    Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin sabitliyi, nüfuzu və dayanıqlılığı, ilk növbədə, onların hüquqi əsaslarının möhkəmliyindən və suverenlik anlayışının qorunmasından asılıdır.
    Azərbaycanın dövlət müstəqilliyi xalqımızın ən böyük nailiyyətlərindən biridir. 18 oktyabr 1991-ci ildə qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan öz suverenliyini bərpa etdi.
    Suverenlik dövlətin müstəqilliyinin, milli iradəsinin və beynəlxalq hüquqda subyekt kimi tanınmasının ən yüksək göstəricisidir. Hüquqi baza isə bu müstəqilliyin qorunmasının təminatıdır.

    Azərbaycan Respublikasında son illərdə qəbul edilən siyasi və hüquqi qərarlar məhz bu iki konseptual anlayışın-Konstitusiya və suverenliyin vəhdəti üzərində qurulub. 2025-ci ilin Prezident İlham Əliyevin Sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan olunması və sentyabrın 20-də Dövlət Suverenliyi Gününün təsis edilməsi bu istiqamətdə strateji xarakterli addımlar sırasına daxildir. Bu qərarlar yalnız hüquqi-siyasi məzmun daşımır, eyni zamanda, xalqın tarixi yaddaşını gücləndirən, milli dövlətçilik fəlsəfəsini möhkəmləndirən və gələcək nəsillərə ünvanlanan rəmzi hadisələrdir.

    Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında öz dövlət müstəqilliyini bərpa etmişdir.

    Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq referendumu yolu ilə qəbul edilmişdir. Bu, ölkənin ilk müstəqil Konstitusiyası olmaqla, onun demokratik, hüquqi və dünyəvi dövlət kimi formalaşmasını təmin edən əsas qanundur.

    2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi ölkənin hüquqi əsaslarının, milli dövlətçiliyin və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində mühüm mərhələ oldu. Bu il Konstitusiyanın dövlət idarəçiliyindəki rolunun daha dərindən təhlil olunması və ictimai şüurda onun yerinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyyət daşıyır.

    Konstitusiya və suverenlik Azərbaycan dövlətinin dayaqlarıdır və bu dəyərlərin qorunması ölkənin gələcək inkişafı üçün mühüm rol oynayır. Hər bir vətəndaş konstitusiyanı öyrənməli, onun prinsiplərinə hörmət etməli və dövlətin suverenliyini qorumaq üçün çalışmalıdır. “Konstitusiya və Suverenlik ili” bu dəyərlərin daha da möhkəmlənməsinə və gələcək nəsillərə ötürülməsinə mühüm tövfə verəcəkdir.



    Astara Rayon Statistika İdarəsi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR