30 sentyabr 2025-ci il tarixdə Masallı şəhər “Gənclər Evi” sosial xidmət müəssisəsində “Rayonda fəaliyyət göstərən ümumtəhsil məktəb şagirdləri tərəfindən yaşanan xoşagəlməz halların aradan qaldırılması” mövzusunda direktorlar ilə profilaktik görüş keçirilmişdir.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Masallı rayon Polis şöbəsinin rəisi Azay Ağayev, Lənkəran - Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun müdiri Elman Rzayev və məktəb direktorları iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxış edərək bildirmişdir ki, ümumtəhsil məktəbləri əsas və ən kütləvi tədris-tərbiyə qurumudur. Məktəblərdə şagirdlər yeni biliklərə yiyələnir, zəruri bacarıq və vərdişlərin formalaşdırır, hərtərəfli inkişaf etdirir, ilk təhsil və həyat dərslərini alırlar. Gələcəyimiz olan hər bir məktəblinin təhlükəsizliyinin qorunması isə valideyn və bütün aidiyyəti qurumların borcudur.
Təhlükəsizliyin təminatı, uşaq hüquqlarının qorunması və sağlam mənəvi-psixoloji mühitin formalaşması məqsədilə bir neçə nəzəri və təcrübi problemlər var ki, imkanlar daxilində və perspektivlərlə vaxtında həll edilməyə çalışılmalıdır. Belə ki, şagirdlərin qadağan olunmuş əşyaları (kəsici və deşici alətlər, təhlükəli, zəhərli və tez alışan maddələr, kibrit və alışqanlar, siqaret, elektron siqaret, spirtli içkilər, təsbeh və zinət əşyaları kimi aksesuarlar, qanunla istifadəsi qadağan olunmuş maddələr) məktəbə gətirməmələri ilə bağlı nəzarəti gücləndirərək məsələni diqqətdə saxlamaq üçün şagirdlərlə və valideynlərlə profilaktik söhbətlər aparılmalı və təhlükəsiz mühitin pozulmaması üçün tövsiyələr verilməlidir. Valideynin diqqətinə çatdırılmalıdır ki, məsuliyyətsiz davranış nəticəsində məktəb əmlakına və başqalarının şəxsi əşyalarına vurulan zərərə görə valideyn və qanuni nümayəndə maddi məsuliyyət daşıyır. Maddi ziyanın ödənilməsi qanuna əsasən müəyyənləşdirilir.

2025-ci ilin doqquz ayı üzrə erkən nikah halları ilə bağlı inzibati ərazi dairəsi üzrə nümayəndəliklər tərəfindən Rayon İcra Hakimiyyətinə 39 müraciət ünvanlanmışdır. Müraciətlər araşdırılıraq tədbir görülməsi üçün aidiyyətı üzrə Rayon Polis Şöbəsinə yönəldilmişdir. Əvvəlki dövrlərə nisbətən bu cür halların statistikasında xeyli azalma müşahidə olunsa da, hələ də bu hal rayonda qeydə alındığını vurğuladı.
Daha sonra rayon rəhbəri cəmiyyətdə “ağ ölüm” kimi qəbul edilən, bəşər övladının baş bəlasına çevrilən, gənc nəslin bir qismində aludəçilik yaradan insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotik vasitələr ən ağrılı problemlərdən, qorxulu vərdişlərdən birinə çevrildiyini, narkomaniyanın acı nəticəsi təkcə ölkələrə vurulan maddi və mənəvi zərərlə yox, milyonlarla insanın məhvi ilə ölçüldüyünü qeyd etmişdir.Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasət olduğunu vurğuladı.
Tədbirin davamında Masallı rayon Polis şöbəsinin rəisi Azay Ağayev çıxış edərək rayon üzrə təhsil müəssiələrində baş vermiş xoşagəlməz halların statistikasından, məktəblilərin internet resurslarının təsirinə düşməyindən və erkən nikah hallarına qarşı mübarizə tədbirlərindən geniş söz açdı.
Sonra Lənkəran - Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun müdiri Elman Rzayev çıxış edərək gələcəkdə ümumtəhsil məktəblərində şagirdlər tərəfindən xoşagəlməz halların baş verməməsi üçün rayon üzrə digər qurumlarla əlaqəli işləmələrini tövsiyə etmişdir.
Sonda tədbir iştirakçılarından Boradigah qəsəbəsi İnqilab Nağıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Məhbubə Şahbazova çıxış edərək tədbirin təşkil olunmasına görə minnətdarlığını bildirmiş və bu kimi tədbirlərin keçirilməsinin müsbət nəticələrə gətirib çıxaracağını vurğulamışdır.