Tarixin dərinliklərindən süzülüb bu günə qədər gələn, mədəni irsimizin nadir nümunələrindən biri olan misgərlik sənəti, həm estetik gözəlliyi, həm də zəhmət və bacarıq tələb edən mürəkkəb texnikası ilə seçilir. Bu sənət təkcə bir peşə deyil, həm də xalqımızın zəngin keçmişinin, zövqünün, əllərinin qüdrətinin canlı göstəricisidir.
Qədim Dəmir dövrünə qədər gedib çıxan misgərlik sənəti əsrlər boyu nəsildən-nəslə ötürülərək bu günümüzə qədər gəlib çatıb. Bu sənət vasitəsilə hazırlanan qazan, məcməyi, tava, teşt və digər məişət əşyaları, habelə dekorativ suvenirlər həm funksional, həm də estetik baxımdan dəyərli hesab olunur.
Misgərlik, göründüyü qədər sadə olmayan, incəlik və yüksək diqqət tələb edən bir sənətdir. Bu sənətə yiyələnmək üçün yalnız texniki bilik yox, həm də səbr, dəqiqlik və yaradıcılıq vacibdir. Əvvəlcə mis və ya bürünc təmizlənərək əridilir və xüsusi qəliblər vasitəsilə lazımi formaya salınır. Sonra ustalar diyircəkli qələm və ya markerlə qabın üzərində ilkin eskizi çəkir, və ya birbaşa çətin və həssas döymə texnikası ilə ornamentləri misə işləyirlər. Bəzən də əksinə, əvvəlcə naxışlar işlənir, sonra qab formaya salınır. Bu proses, sənətkarın zövqünün, əl bacarığının və illərlə topladığı təcrübəsinin məhsuludur. Hər bir mis məmulat zəhmətin, sənətin və irsin bir növ bədii ifadəsidir.
Müasir dövrdə plastik və digər sintetik materiallardan hazırlanmış əşyalar bir müddət mis məmulatların yerini alsa da, bu gün insanlar yenidən təbiiliyə, sağlamlığa və estetikaya üz tutur. Mis qabların sağlamlıq baxımından faydalı olması, onların yenidən gündəmdə olmasının əsas səbəblərindəndir. Hazırda həm məişətdə, həm də dekorativ məqsədlə mis qab və əşyalar geniş şəkildə istifadə olunur.
Bu sənətin yaşadılmasında və gələcək nəsillərə ötürülməsində fədakar sənətkarlarımızın rolu danılmazdır. Belə sənətkarlardan biri də əslən İsmayıllı rayonunun Lahıc qəsəbəsindən olan Taleh Ağayevdir. Onun ailəsi təxminən 50 il öncə Masallı rayonunun Boradigah qəsəbəsinə köç edib və burada misgərlik sənəti ilə məşğul olmağa başlayıblar.
Talehin atası, mərhum Nurəddin kişi bu sənətlə ailəsinin dolanışığını təmin edib, misgərlik sənətinin incəliklərini övladlarına da öyrədib. Zamanla digər qardaşlar bu sənətdən uzaqlaşsa da, Taleh ata-baba mirasına sadiq qalaraq onu qoruyub saxlayıb, ustad sənətkar kimi yetişib. Onun əl işləri təkcə Masallı rayonunda deyil, respublikanın müxtəlif guşələrində keçirilən sərgi və tədbirlərdə də nümayiş olunur, maraq və rəğbətlə qarşılanır.
Bu gün Taleh ustanın məmulatlarına təkcə yerli əhali yox, İran, Rusiya, Türkiyə və Almaniya kimi ölkələrdən də sifarişlər verilir. Bu isə onun sənətinə olan beynəlxalq marağın və dəyərin göstəricisidir.
Misgərlik yalnız bir əşya düzəltmək deyil, tarixi yaşatmaq, mədəniyyəti qorumaq, estetik duyğunu oyatmaq və millətin kimliyini ifadə etmək deməkdir. Taleh Ağayev kimi sənətkarların fəaliyyəti isə bu qədim sənətin gələcək nəsillərə ötürülməsi baxımından misilsiz əhəmiyyət daşıyır.