Masallıda Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzi fəaliyyətə başlayıb
Azadmedia.az - Masallı Sənaye Məhəlləsində yerləşən mərkəz Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Dayanıqlı Operativ Sosial Təminat Agentliyi, “Azərsu” ASC, “Azərmaş” ASC, Bakı Mühəndislik Universiteti, “FORİELLA” MMC, “Ekvita”, Bakı Tekstil Fabriki və “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin dəstəyi ilə yaradılıb.
Masallı rayon İcra hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən “Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev xəbər verir ki, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, millət vəkili Məşhur Məmmədovun köməkçiləri - Əli Nağıyev, Rəmzi Şahverdiyev, “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin İdarə Heyətinin sədri Mirzə Məmməd Vəliyev, digər tərəfdaş qurumların nümayəndələri, sağlamlıq imkanları məhdud və həssas sosial qruplara aid şəxslər mərkəzdə yaradılmış şəraitlə tanış olublar.
Məlumat verilib ki, sağlamlıq imkanları məhdud və həssas sosial qruplara aid şəxslərin, o cümlədən şəhid ailələrinin üzvlərinin, qazilərin müvafiq peşə biliklərinə yiyələnmələri üçün mərkəzdə müvafiq şərait yaradılıb. Belə ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının ayırdığı qrant vəsaiti hesabına mərkəz dərzilik, xalçaçılıq və foto-video operator peşələri üzrə müvafiq avadanlıqlarla təmin edilib. İştirakçıların biznes və peşə biliklərinə yiyələnmələri üçün mərkəzdə lazımi şərait yaradılıb.
Mərkəzdə peşə və biznes təlimlərini uğurla başa vuracaq sağlamlıq imkanları məhdud və həssas sosial qruplara aid şəxslər sonrakı mərhələdə özünüməşğulluq proqramı çərçivəsində müvafiq avadanlıqlarla təmin edilmələri üçün aidiyyəti qurumlarla əlaqələndiriləcək. Həmçinin, layihənin tərəfdaşları tərəfindən iştirakçılara biznes planın hazırlanması, sahibkarlıq fəaliyyətinin idarə olunması və inkişafı sahəsində məsləhət xidmətləri göstəriləcək.
Mərkəzin yaradılmasında məqsəd sağlamlıq imkanları məhdud və həssas sosial qruplara aid şəxslərin cəmiyyətə inteqrasiyası, onların biznesyönümlü bilik və bacarıqlarının artırılması, sosial sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi, yeni biznes təşəbbüslərinin dəstəklənməsi, sosial cəhətdən həssas qrupların əmək bazarına çıxışına dəstək olmaqdır. Mərkəzin yaradılması məqsədilə İqtisadiyyat Nazirliyi yanında KOBİA, Dövlət Məşğulluq Agentliyi, Dayanıqlı Operativ Sosial Təminat Agentliyi, “Azərsu” ASC, Bakı Mühəndislik Universiteti, “FORİELLA” MMC və “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi arasında 2021-ci ilin dekabr ayında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Ülkər Piriyeva