Azərbaycan-Ermənistan sərhədində demarkasiya prosesi ilə bağlı yaranmış mübahisə fonunda ABŞ-ın diplomatik fəallığı artıb.
ABŞ Prezidentinin Milli Təhlükəsizlik Məsələləri üzrə müşaviri Ceyk Sallivanın mayın 18-də Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənstanın Baş naziri Nikol Paşinyana telefonla zəng edərək, yaranmış vəziyyəti müzakirə etməsi Vaşinqtonun bölgədə strateji marağı olan tərəf kimi proseslərdən kənarda qalmaq istəmədiyini göstərdi.
Mayın 22-də isə ABŞ-ın Dövlət katibi Entoni Blinkenin Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüşündə Azərbaycanla Ermənistan arasındakı sərhəd mübahisəsi məsələsi danışıqlar predmeti olub. Bütün bunlar isə ABŞ-ın regionda post-münaqişə dövründə yaranmış vəziyyətin tənzimlənməsində iştirak etmək niyyətindən xəbər verir. Bu baxımdan, iki ölkə arasında münasibətlərin normallaşmasında ABŞ-ın böyük rol oynaya bilər.
Superdövlət olmaqla yanaşı, ABŞ həm də ATƏT-in Minsk qrupunun həmsədridir. Artıq Dağlıq Qarabağ münaqişəsi başa çatıb. Minsk qrupunun vasitəçilik missiyasına ehtiyac yoxdur. Həmsədr ölkələr, o cümlədən ABŞ müharibədən sonra regional inteqrasiya və quruculuq prosesini dəstəkləyən təkliflərini, yaxud layihələrini təqdim edə bilər. Bu isə regionun inkişafını sürətləndirər. Dünyanın hər bir regionundakı proseslərdə mühüm rola malik olan ABŞ Ermənistan hakimiyyətinə də güclü təsirə malikdir.
Çünki Nikol Paşinyan hökumətinin siyasi kursu Vaşinqtona daha yaxındır.
Eyni zamanda, ABŞ-ın Cənubi Qafqazda enerji və strateji təhlükəsizlik maraqları var. Ona görə də rəsmi Vaşinqton bölgədə sabitliyin olmasına üstünlük verir. Buna nail olmaq üçün Azərbaycanla Ermənistan arasında münasibətləri normallaşdırılması və icmaların yanaşı yaşayışının təmin edilməsi çox vacibdir. ABŞ bölgədə maraqları olan fövqəldövlət öz potensialından istifadə edərək Ermənistanı revanşizmdən çəkinməkdən vacibliyinə inandıra bilər. Əks təqdirdə, Ermənistanın qonşu xalqlara qarşı düşmənçilik və ərazi iddiası xülyasından əl çəkməməsi olduqca təhlükəli nəticələr doğuracaq.
Bayden administrasiyası Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı vəziyyətə reaksiyalar versə də, bu prosesdə hansı şəkildə yer alması istəyini açıq nümayiş etdirmir. Yəni ABŞ-ın mövcud imkanları dəyərləndirmək baxımından konkret mesajları olmalıdır. Azərbaycanla münasibətlərdə yeni formatının tapılması ABŞ-ın bölgədəki fəaliyyətini yeni mərhələyə daşıya bilər.
Politoloq İlqar Vəlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, ABŞ vəziyyətin sabitləşdirilməsində müsbət rol oynaya bilər:
“Amma Vaşinqtonun daha çox müşahidəçi mövqeyindən çıxış etməsi Vaşinqtonun belə bir istəkdə olmadığı qənaətini yaradır. ABŞ Dövlət Departamentinin son açıqlamaları göstərir ki, rəsmi Vaşinqton təəssüf ki, bir tərəfin rəyinə əsaslanaraq çıxışlar edir. Çünki ABŞ iki ölkə sərhədində yaranmış vəziyyətdən narahatdırsa, o halda Azərbaycanla da əlaqəyə girib öz mövqeyini bildirməli idi. Amma Ermənistanın fikrinin əsas götürülməsi deməyə əsas verir ki, ABŞ tənzimləyici rol oynamaqdan daha çox öz maraqlarını ifadə edir. ABŞ-ın maraqları Ermənistanın bölgədə zəif bənd olması ilə bağlıdır. Yəni Ermənistan regiondakı digər oyunçulardan asılıdır. Amerika çalışır ki, Ermənistan bu məsələdə Rusiyadan deyil, ABŞ-dan kömək istəsin. Çünki Ermənistanın Rusiyadan “əlini üzdüyünü” görmək olar. Bu mənada, ABŞ vəziyyətdən istifadə edib öz mövqeyini gücləndirməyə çalışır. Azərbaycan çox istərdi ki, post-münaqişə dövründə vəziyyətin tənzimlənməsində siyasi inhisarçı olmasın. ABŞ da bu prosesdə iştirak etsin. Azərbaycana ABŞ-la dialoq lazımdır. Amma bu dialoq gərək müsbət nəticələr versin. Onu da deyim ki, ABŞ qoşunları Əfqanıstandan çıxmağa başlayıb. Həmin tranzit marşrutlardan biri də Azərbaycandan keçir. Ona görə də ABŞ Azərbaycanla əməkdaşlıqda və burada təhlükələrin olmamasında maraqlıdır”.
Qeyd edək ki, ABŞ Dövlət katibinin keçmiş müşaviri Pol Qobl Azərbaycan-Ermənistan sərhəddindəki demarkasiya ilə bağlı maraqlı təklif irəli sürüb. O, “Azadlıq” radiosuna müsahibəsində bildirib ki, Azərbaycan sərhəd mübahisəsinin həllində kömək üçün ABŞ hökumətinə müraciət edə bilər.
“Ermənistan düşündü ki, Rusiyanın köməyindən istifadə etməkdən başqa yolu yoxdur. Hesab edirəm ki, Azərbaycan sərhəd məsələsində kömək etmək üçün ABŞ hökumətinə müraciət edə bilər. ABŞ Dövlət Departamentində geoqrafiya şöbəsi var. Orada dövlət sərhəddinin delimitasiyası və demarkasiyası üzrə mütəxəssislər var. Onlar bu sahədə danışıqların aparılması üzrə peşəkardır. Azərbaycan ABŞ-dan köməklik istəsə, bunu qısa zamanda ala bilər. Bu prosesləri daha da sürtətləndirə bilər. Bu, çətin prosesdir. Tərəflərin xəritəni dəqiqləşdirmək üçün texniki dəstəyə ehtiyacı var. Nə Azərbaycanın, nə də Ermənistanın belə bir təcrübəsi yoxdur. Bu zaman böyük bir təhlükə ortaya çıxır. Rusiya öz xəritələrindən istifadə etməyə çalışacaq. Sual yaranır ki, hansı xəritədən? Çünki Sovet dövründə iki xəritə olub”, - deyə Pol Qobl bildirib.
ABŞ-ın sərhəd mübahisəsində köməyi ilə bağlı fikri şərh edən İlqar Vəlizadə isə hesab edir ki, Vaşinqton bu məsləyə müdaxilə edərsə, Rusiya ilə maraqlar toqquşması baş verəcək. Bu isə regionda qlobal münaqişə ocağı yarana bilər.
“Bu xəritələri SSRİ-nin hərbçiləri tərtib edib. ABŞ-ın mütəxəssislərin həmin xəritələrin hazırlanmasında iştirak etməyib. Əgər onlarda bu xəritələr varsa, o, kəşfiyyat məlumatları əsasında əldə edilə bilər. Texniki vasitələrə gəlincə, onlar Azərbaycanda var. Azərbaycan üç peykə, naviqasiya sisteminə malikdir. ABŞ isə regionda öz mövcudluğunu təsdiq etməkdə maraqlıdır. Hazırkı mürəkkəb vəziyyətdə Rusiya ilə Azərbaycan arasında qarşıdurmanın yaranması isə Ermənistanın mənafeyinə uyğundur. Yəni Rusiya sərhəd məsələsində Ermənistanın xeyrinə fəaliyyət göstərsin. Biz buna yol verməməliyik. ABŞ-la dialoq lazımdır. ABŞ Azərbaycanın tərəfdaşıdır, fövqəldövlətdir. Amma Azərbaycan nə ABŞ-ın, nə də Rusiyanın əlində vasitəçiyə çevrilıməlidir”.