Hər Uşağı Görmək: Təhsil Mühitində Psixoloji Təhlükəsizliyin Təminatı

Bir uşağa diqqət yetirməmək, əslində onu itirməyə aparan riskli bir yanaşmadır. Kahramanmaraş şəhərində baş vermiş hadisə cəmiyyətə mühüm və düşündürücü bir mesaj verdi: uşaqlar yalnız təhsil və nizam-intizamla deyil, eyni zamanda diqqət, qayğı və səmimi ünsiyyətlə inkişaf edirlər.
Təcrübə göstərir ki, bir çox hallarda uşaqlar yalnız problem yarandıqdan sonra diqqət mərkəzinə düşürlər. Halbuki həmin problem formalaşana qədər onların yaşadığı daxili çətinliklər, ifadə olunmamış duyğular və anlaşılmayan ehtiyaclar çox zaman diqqətdən kənarda qalır.
Hər bir uşaq fərdi xüsusiyyətlərə malikdir. Bəziləri sakit və qapalı, bəziləri isə daha emosional və ya aqressiv davranış sərgiləyə bilər. Lakin bütün hallarda onları birləşdirən əsas ehtiyac – anlaşılmaq və qəbul olunmaqdır.
Valideynlər, müəllimlər və ümumilikdə cəmiyyət olaraq əsas vəzifəmiz aşağıdakılardan ibarət olmalıdır:
* Uşaqlar arasında müqayisələrdən çəkinmək
* Onları diqqətlə dinləmək və anlamağa çalışmaq
* Davranışların arxasında dayanan səbəbləri araşdırmaq
* Uşaqlarda sevgi, güvən və təhlükəsizlik hissini formalaşdırmaq
Unudulmamalıdır ki, sevgi və qayğı ilə əhatə olunan uşaq neqativ davranışlara meyilli olmur. Dinlənilən və başa düşülən uşaq özünü ifadə etmək üçün aqressiv vasitələrə ehtiyac duymur. Diqqət göstərilən uşaq isə özünü təsdiqləmək üçün riskli və təhlükəli davranışlara yönəlmir.
Bu baxımdan, hər birimizin atacağı ən sadə, lakin təsirli addım – uşaqlarla səmimi ünsiyyət qurmaqdır. Onlara “Sən necəsən?” sualını vermək və verilən cavabı diqqətlə dinləmək, gələcəkdə baş verə biləcək mənfi halların qarşısının alınmasında mühüm rol oynaya bilər.
Təhsil müəssisələrində müəllim-şagird münasibətlərinin sağlam əsaslar üzərində qurulması, uşaqların məktəb mühitində özlərini dəyərli və güvənli hiss etmələrinə birbaşa təsir göstərir. Praktik müşahidələr göstərir ki, şagirdlərin məktəbə giriş və çıxış zamanı diqqətlə qarşılanması və yola salınması belə, onların davranış və motivasiyasında müsbət dəyişikliklər yaradır.
Uşaqları görmək, dinləmək və qorumaq – sağlam cəmiyyətin formalaşmasının əsas şərtlərindən biridir.
Binəqədi rayonu 244 nömrəli tam orta məktəbin direktoru Şəfa Qurbanova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.