"Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənən "Müəllim cəmiyyətin xilaskarı kimi" layihəsinin fəaliyyət planına uyğun olaraq layihə heyəti 22 iyul 2024-cü il tarixində Zaqatala rayonunda olub.Layihənin icrasına hazırlıq məqsədilə Zaqatala rayon İcra hakimiyyətinin nümayəndələri, Şəki-Zaqatala Regional Təhsil İdarəsi və Zaqatala Təhsil sektorunun rəhbərliyi ilə məsləhətləşmələr keçirilib. İctimaiyyət, sosial media və aidiyyəti qurumların təkliflərini nəzərə alaraq, 23 iyul 2024-ci il tarixdə Zaqatala şəhər Z.Murtuzəliyev adına 1saylı tam orta məktəbində rayonun 10 nümunəvi müəllimləri ilə görüş keçirilib. Görüşdə birliyin icraçı direktoru, layihə rəhbəri Şahin Rəcəbov, Zaqatala rayonu Təhsil sektorunun nümayəndəsi Lalə Laçınova, rayonun fəal müəllimləri iştirak ediblər. Seçim və Qiymətləndirilmə Komissiyasının qəbul etdiyi müvafiq meyarlar və müsahibə əsasında fəal müəllimlərin görüşündə müəllimlər arasından 2 ən nümunəvi müəllim seçilib. 23 iyul 2024-cü il tarixində seçilmiş müəllimlərin ailələri ziyarət edilib, müəllimlər öz həyat yolu, yaradıcılıq və təcrübələrinin təqdimatlarını keçiriblər. Seçimdən kənar qalan digər müəllimlərin də fəaliyyətinin qiymətləndirilməsi, mükafatlandırılması qərara alındı.
Layihə 1 may-31 iyul (3 ay) müddətini əhatə etməklə, 15 rayonu- Sabirabad, Siyəzən, Şamaxı, İsmayıllı, Qazax, Ağdaş, Göyçay, Salyan, Biləsuvar, Astara, Yardımlı, Qusar, Xaçmaz, Zaqatala, Balakən əhatə edəcəkdir.
Layihənin əsas məqsədi nümunəvi müəllimlərimizi və onların təcrübələrini cəmiyyətə və ictimaiyyətə tanıtmaq, sosial mediada təbliğ etmək, müəllim nüfuzunun yüksəldilməsinə töhvə verməkdir.
Layihə üzrə növbəti səfər Balakən rayonuna olacaqdır.
Layihənin icrasında dəstək olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, tərəfdaşlarımız Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, Zaqatala rayon İcra Hakimiyyətinə, nümayəndəsi Sərxan Maqsudova, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin rəhbərliyinə, Zaqatala rayon Təhsil sektorunun rəhbərliyinə, nümayəndəsi Lalə Lacınovaya və əziz müəllimlərə minnətdarlığımızı bildiririk.