AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cinsi zorakılıq görən qadının işinə kişilər baxır, nəticə nə qədər ədalətli olacaq?

  • + A
  • - A
  • 14-09-2024, 00:11

    Cinsi zorakılıq görən qadının  işinə  kişilər baxır, nəticə nə qədər ədalətli olacaq?


    “Ölkədə qadın hüquqları ciddi qəbul olunmayan hüquq sahəsidir”

    “05 avqust 2024. Bərdədə İ.S. adlı qadını qaynı azyaşlı uşaqlarının gözü qarşısında baltalayıb.

    09 avqust 2024. 23 yaşlı C. M. adlı qadını qaynı öldürülüb.
    09 avqust 2024. Şərurda 48 yaşlı M. Q. qadını əri baltalayıb.
    15 avqust 2024. Cədəbəydə 31 yaşlı İ.T əri bıçaqlayıb.
    15 avqust 2024. Abşeronda 47 yaşlı A. X qadının meyiti tapılıb.
    15 avqust 2024. Sumqayıtda 26 yaşlı M. N qadın evində meyiti tapılıb.
    17 avqust 2024. Bakıda 54 yaşlı R. C qadını əri bıçaqla öldürüb.
    21 avqust 2024. Bakıda 38 yaşlı XX qadını qardaşı bıçaqlayıb.
    24 avqust 2024. Siyəzəndə 28 yaşlı M. Ş . qadını qardaşı öldürüb.

    09 sentyabr 2024. Lerikdə 32 yaşlı M. Ə. qadını əri güllələyib. “……………….



    Qadın hüquqları üzrə vəkil Zibeydə Sadıqovanın tez-tez öz sosial şəbəkə hesabında belə kədərli statistikasını görmək olar. Təəssüf ki, cəmiyyət üçün SOS effekti yaratmağa hesablanan bu məlumatların davamı gəlir. Ölkədə məişət zorakılığı zəminində qadınlar qadın olduğu üçün(femisid qətllər) ya xəsarət alır, ya da öldürülür.


    -Zibeydə xanım, ölkədəki qadın huquqlarının müdafiəsi zəminində mənzərəni necə təsvir edərdiniz?


    -Ölkədə qadın hüquqları ciddi qəbul olunmayan hüquq sahəsidir. Qanunvericilikdə də bu sahədə kifayət qədər boşluq mövcuddur. Mentalitet, ailə, qadının yeri, qız uşağı və sair sözlərlə qadınlara münasibət kişilərə münasibətdən fərqli və qeyri-ciddi formaya salınır. Bu ifadələrin doğurduğu nəticə sayəsində qadınların siyasi və ictimai həyatda iştirakı da təbliğ edilmir. Əlbəttə ki, belə düşüncələrin hökm sürdüyü cəmiyyətdə qadınlara yönəlik zorakılıq durmadan davam edir.

    -Mövcud qanunvericiliyin yetərlo olmaması öz fəsadlarını verir . Bu boşluqlarla bağlı illərdir müzakirələr gedir. Nə dəyişsə, deyək ki, vəziyyət düzələr? Təklifləriniz.

    -Qadın hüquqlarının müdafiəsi üçün qanunlar yoxdur. Mövcud qanunlar isə kifayət deyil. Məişət zorakılığı ilə mübarizə üçün xeyli təkliflər vermişəm, təkrar nəzərə çatdırmaq istəyirəm:
    Ağır cinayət kimi məişət zorakılığı cinayət qanunvericiliyinə salınsın,
    məişət zorakılığı törədən şəxslərin bazası yaradılsın,
    həmin şəxslər psixiloji və ya psixiatrik müayinə və müalicələrə məruz qalsın,
    onların yaşadığı yer nəzarət altında olsun (polis nəzarəti və s.),
    məişət zorakılığı qurbanların təhlükəsizliyinin təmin edilməsi üçün qanun yaradılsın, onların gizlənməsi, adlarının dəyişdirilməsi, ətrafdakıların xəbərdar edilməsi və s. qanuna salınsın. Məişət zorakılığının qarşısının alınması üçün TV-də, məktəblərdə davamlı maarifləndirici proqramlar yayımlanmalıdır, məlumatsızlığa son qoyulmalıdır.

    Problemin bir tərəfi də odur ki, hansısa qadın məişət zorakılığı zəminində qətl ediləndə, dərhal ölkədəki onlarla qadın hüquqları ilə məşğul olan təşkilatların səsinin çıxmamasıdır. Bu məsələ bütün cəmiyyətin reaksiyasına səbəb olmalıdir, çünki zorakılıq tək bir ailənin bəlası hesab edilməməlidir, hər an ağlımıza gəlməyən insanlardan, ailələrdən bu xəbəri ala bilərik.

    Bəzən düşünürlər ki, ali təhsil zorakılıqdan qoruyur, bu da yalnış düşüncədir. Son illər zorakılığa məruz qalan, qətl edilən qadınlar arasında sayca ali təhsilli, özünü təsdiq etmiş qadınlar az olmayıb.

    -Bir müddətdir, ölkədə qadınlarla bağlı cinayətlərin statistikasını vaxtaşırı paylaşırsız. Reaksiya necədir?

    -Bu xəbərlərin yayılması effektli olmalıdır. Bu xəbərləri yayarkən çoxsaylı narazılıqla qarşılaşıram, amma bu o deməkdir ki, deməli insanlar artıq diqqət edir, qınayır və həll edilməsi üçün təkliflər verir. Cəmiyyət bu xəbərlərlə bilir ki, həqiqətən də qadınlar acınacaqlı durumdadır və bu problem həll edilməlidir. Əvvəllər bu paylaşımlarda adamlar qadınları günahlandırırdısa, indi bu adamların sayı azalıb. Artıq cinayətkarı günahlandırırlar.

    -Vəkil kimi təcrübənizdə müvəkillərinizin işləri üzrə rastlaşdığınız əngəllər nədir?


    -Ən çox üzləşdiyimiz problem saymaqla bitmir. Cinayət işləri(qadını qətl edənlərin cinayət işi) uzanır və tez yekunlaşıb məhkəməyə verilmir. Cinayətkarlar barədə həbs seçilmir. Qurbanların təhlükəsizliyi təmin eidlmir. Mühafizə orderləri icra edilmir. Bu yaxında cinsi zorakılığa məruz qalan qadın ekspertiza rəyi almaq üçün ekspert ( ginekoloq) tələb edirdi, bunun qanunda olmadığını deyib onun tələbini rədd etmişdilər. Saysız əngəllər və boşluqlar bəzi halda müdafiə edənin əlini- qolunu bağlaya bilir, amma bütün hallarda öz adıma deyə bilərəm ki, bəzən sonadək mübarizə mümkünsüzü də mümkün edə bilir. Qadınların öz hüquqlarına sahib çıxması, öz hüquqları barədə məlumatlı olması da vəziyyətdən çıxışda yardımçı olur. Bir məqam da var ki, qadın cinayətlərinə həssas yanaşan dövlət qurumlarının əməkdaşları çox az saydadadır. və s.

    Ən böyük problem cinsi azadlıq əleyhinə olan cinayətlərdə rastlaşdığımız problemlərdir. Zorlanmış qızlarla və ya qadınlarla ixtisaslaşmamış müstəntiqlər, polislər kontakta olur, ifadələrini alır, ekspertlər kişilər olur, məhkəmələrdə hakimlər belə işlərdə ixtisaslaşmamış hakimlər olur, qadınlar və ya qızlar cinayətkarla birbaşa kontakta olur, qurbanların birbaşa məhkəmədə iştirakı təmin edilir, üzləşmələr keçirilir, təhlükəsizlikləri təmin edilmir, konfidensiallıq qorunmur.

    Döyülmədən, fiziki zorakılıqdan şikayət edən qadınlar polis bölmələrində və ya digər qurumlarda anlayışla qarşılanmır, orada da günahlarının olması aşılanır, barışmaları tövsiyə edilir. Bu isə zərərçəkənlərin müdafiə gücünü qırır, nəticədə vaxtiylə fiziki zorakılığına barmaqarası baxılan qadının növbəti dəfə öldürülməsi xəbəri yayılır. Necə ki, təcrübəmdə belə dəhşətli hadisələrə şahidlik etmişəm.

    Raminə Eyvazqızı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR