AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Son reys

  • + A
  • - A
  • Dünən, 20:09

    Son reys

    Hər təyyarə göyə qalxarkən onun sərnişinləri arzu və hədəflərinə çatacaqlarına inanırlar. Amma bu gün Bakı-Qroznı reysindəki sərnişinlərin ümid dolu səyahəti bir anda qopan gərginliklə başqa bir istiqamət aldı…

    “Hər şey yaxşı olacaq,” – stüardessanın titrəyən səslə dediyi sözlər kabinədə yayıldı. Lakin bu sakitləşdirici cümlələr artıq titrəyən əlləri, qorxu dolu baxışları və ürək döyüntülərini dayandıra bilmir. Qəza anından əvvəl çəkilən videoda bir sərnişinin asta səslə kəlmeyi-şəhadət oxumağa başlaması da faciənin uzaqda olmadığından xəbər verir.

    Sözsüz ki, o an insanlar bütün vücudları ilə təhlükənin ağırlığını hiss edirdilər. Görüntülərdən də görünür ki, göy və yer arasındakı o dar sərhəddə, həyatın ümid dolu zərifliyi ilə ölümün amansız qaranlığı bir-birinə qarışmışdı.

    Bəli, faciə qaçılmaz oldu. Təyyarə qəzaya uğradı. Həlak olanlara Allahdan rəhmət diləyir, sağ qalanlara isə tezliklə şəfa arzulayırıq. Bu son reys də, bir ailənin sevdiklərinə qovuşmaq arzusunu, bir dostun həsrət dolu görüşünü, bir insanın bitməyən ümidini yarımçıq qoydu.

    Bu gün yaşananlar mənə illər öncə, 2005-ci ilin 23 dekabrında Nardaran yaxınlığında baş verən təyyarə qəzasını xatırlatdı. O gecə Bakıdan Aktauya uçan “An-140” təyyarəsi qəzaya uğramışdı və sağ qalan yox idi. O vaxt hadisə yerində bir müxbir kimi gecədən səhərə qədər durmadan çalışırdım O anların ağırlığını, hadisəni cəmiyyətə çatdırmaq üçün göstərilən səyləri heç vaxt unuda bilmirəm. Hər cümlə, hər görüntü həm də bir insanın xatirəsinə hörmət demək idi.

    Belə anlarda jurnalistin işi daha da çətinləşir. Yalnız xəbəri çatdırmaq deyil, eyni zamanda ağrını paylaşmaq, doğru məlumatla cəmiyyətin yaralarını həm də yüngülləşdirməyə çalışırıq. Hər sözün çəkisi ağırlaşır, çünki yanlış bir ifadə daha dərin yaralar açmağa qadirdir.

    Jurnalist olmaq yalnız məlumat yaymaq deyil, həm də həqiqət və insanlıq arasında incə bir körpü qurmaq deməkdir.

    Bu son reys də xatirələrimizdə hüznlə qalacaq, amma eyni zamanda insan həyatının nə qədər dəyərli olduğunu bir daha xatırladacaq.
    Qeyd: Yazı tanınmış jurnalist, ASCO-nun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Mehdiyevin sosial media hesabından götürülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR