AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan coğrafi baxımdan eyni regiondur - Özəl

  • + A
  • - A
  • 23-07-2024, 12:08

    Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan coğrafi baxımdan eyni regiondur -


    Masallı, 23 iyul — Azadmedia.az


    Qarabağ və Şərqi Zəngəzurun eyni zamanda Naxçıvanın relyefi, külək, günəş, su ehtiyatları imkan verir ki, Azərbaycan öz təbii sərvətləri hesabına bərpaolunan və “yaşıl enerji” zonası yaratsın. Qeyd edək ki, bu istiqamətdə çox böyük layihələr hazırlanır və icra edilir. Azərbaycan öz təbii sərvətlərinin həcminə və həm də etibarlılığına görə Avropanın enerji körpüsünə çevrilir.

    Məlum olduğu kimi, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan “Yaşıl Enerji Zonası” elan edilib, təbii ki, bu da qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmanın məhsuludur.
    İqtisadi gücü və yeni texnologiyaların tətbiqi sayəsində respublikamız enerji idxalçısından etibarlı ixracatçı ölkə kimi dünyanın diqqətini cəlb edir.

    Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında dəfələrlə bu ərazilərin enerji təminatında bərpaolunan enerji mənbələrindən maksimum istifadə ediləcəyi, ekoloji təmiz, səmərəli innovativ texnologiyaların tətbiq olunacağı barədə qəti mövqe ifadə edərək bildirib ki, azad edilmiş ərazilər “yaşıl enerji” zonasına çevriləcək.

    Ölkəmiz beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası “yaşıl enerji” zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunmasına ciddi fikir verilir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.

    Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursunda həmin bölgələrin “yaşıl enerji" zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunur. İkinci Qarabağ müharibəsindən sonra 2020-ci ilin iqtisadi yekunlarına dair 6 yanvar 2021-ci il tarixli müşavirədə dövlət başçısı tərəfindən işğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonasının yaradılmasına dair strateji mövqe irəli sürülmüş və həmin ərazilərdə kifayət qədər bərpaolunan enerji potensialının olması bildirilib.

    Dünyada enerji mənbələrinin tədricən tükənməsini və onlardan istifadə zamanı ətraf mühitə vurulan külli miqdarda ziyanı nəzərə alaraq, dünyanın inkişaf etmiş ölkələrində ekoloji cəhətdən təmiz alternativ (bərpaolunan) enerji mənbələrindən (günəş və külək enerjisi, kiçik SES-lər, termal sular, biokütlə enerjisi) geniş istifadə olunur. Yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda, o cümlədən Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda da ekoloji cəhətdən təmiz alternativ (bərpaolunan) enerji mənbələrindən geniş istifadə edilməsinə imkan verir.

    Məlum olduğu kimi, azad edilmiş ərazilər ciddi bərpaolunan enerji potensialına malikdir və xarici investorlar bu sahəyə böyük maraq göstərirlər. Yaxın zamanlarda Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan bərpaolunan və “yaşıl enerji” zonasına çevriləcək və bu hər iki bölgənin inkişafına müsbət təsir göstərəcək.



    Mətanət Paşayeva,
    YAP fəalı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR