Hazırkı il AMEA-nın Tarix və Etnologiya İnstitutunun baş elmi işçisi, əməkdar mədəniyyət işçisi, tarix elmləri doktoru, dosent Məhərrəmova Solmaz Səttar qızının 75 yaşı tamam olur.
Solmaz Məhərrəmova 17 sentyabr 1949-cu ildə Laçın şəhərində ziyalı ailəsində dünyaya gəlmişdir. S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) “Tarix” fakültəsində ali təhsil almışdır.
1980–1992-ci illərdə Laçın rayon Tarix-diyarşünaslıq Muzeyinin direktoru vəzifəsində işləmişdir.
Solmaz Məhərrəmova 1995-ci ildə “Etnologiya” ixtisası üzrə “Azərbaycan kəndində müasir mədəni-məişət prosesləri (Kiçik Qafqazın cənub-şərq rayonlarının materialları əsasında)” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və tarix elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.
2011-ci ildə o, "XIX əsr və XX əsrin əvvəllərində Kiçik Qafqazın cənub-şərq bölgəsinin tarixi etnoqrafik tədqiqi (Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının materialları əsasında)" mövzusunda Ermənistanın işğalına məruz qalmış Laçın, Qubadlı, Zəngilan, Kəlbəcər, Cəbrayıl və Füzuli rayonlarının maddi və mənəvi mədəniyyətinə həsr olunmuş doktorluq dissertasiyasını müdafiə etmişdir.
Alimin zəngin elmi fəaliyyəti xüsusilə diqqətəlayiqdir. Solmaz Məhərrəmova 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ilk dəfə böyük tirajla nəşr edilmiş və respublikamızın elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmiş üçcildlik "Azərbaycan etnoqrafiyası"nın müəlliflərindən biri və redaksiya heyətinin üzvüdür.
Beş monoqrafiyanın (“XIX-XX əsrin əvvəllərində Kiçik Qafqazın cənub-şərq bölgəsinin maddi mədəniyyəti və təsərrüfatı”- 2007-ci il, “XIX əsr və XX əsrin əvvəllərində Kiçik Qafqazın cənub-şərq bölgəsinin tarixi-etnoqrafik tədqiqi (Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının materialları əsasında”-2020), Şuşa şəhərinin 270 illiyinə həsr olunmuş “XIX-XX əsrin əvvəllərində Qarabağ və Şərqi Zəngəzurda sənətkarlıq və ticarət” (Şuşa, Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının materialları əsasında – 2023), 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərinə ithaf olunan (”Hacı Axund Molla Şükürün “Risaleyi-hüruf və xütut” - 2024), “XIX-XX əsrin əvvəllərində Qarabağ və Zəngəzurda etno-demoqrafik vəziyyət” ,150-dən çox, o cümlədən xarici ölkələrdə (Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Qazaxıstan) nəşr edilmiş elmi məqalələrin, habelə muzey işinə aid bir neçə metodiki tövsiyənin həmmüəllifi, 2017-ci ildə Azərbaycan, rus və ingilis dillərində yüksək poliqrafik tərtibatla Türkiyədə nəşr edilmiş "Qəbələnin tarixi", "Qəbələnin etnoqrafiyası" və "Qəbələnin folkloru" adlı kitablar toplusunun, 2017-ci ildə Moskvada rus dilində çapdan çıxmış "Azərbaycanlılar", H.Əliyev Fondunun nəşr etdirdiyi “Qarabağın sənətkarlığı”, habelə bu yaxınlarda çapdan çıxmış "Qarabağın etnoloji tədqiqatı” adlı fundamental əsərlərin əsas müəlliflərindən biridir. Bir sıra beynəlxalq simpozium və konfranslarda etnologiya elminin problemlərinə dair aktual məruzələr etmişdir.
Onun elmi rəhbərliyi altında 4 nəfər fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya yazmış və hazırda dissertantlardan biri müdafiə ərəfəsindədir.
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun nəzdində fəaliyyət göstərən dissertasiya Şurasının üzvü və "etnologiya" ixtisası üzrə elmi seminarın sədridir.
Azərbaycan etnoqrafiyasının, milli-mənəvi dəyərlərimizin təbliğində fəal iştirak edərək radio və televiziya kanallarının təşkil etdiyi verilişlərdə vaxtaşırı çıxışlar edən Solmaz xanım AzTV-nin "Yun hörgüsü-keçə sənəti", "Space" kanalının 2 seriyalı "Azərbaycan xalq rəqsləri", "Lider" kanalının "Novruz çərşənbələri" adlı elmi-populyar filmlərində məsləhətçi-mütəxəssis-etnoqraf kimi iştirak etmişdir.
10 ildən artıq pedaqoji təcrübəyə malik istedadlı müəllim və ziyalı Solmaz xanım öz məsləhətləri və zəngin təcrübəsi ilə daim gənc tədqiqatçılara kömək edir. Solmaz xanımın elmi yeniliklərlə zəngin olan əsərlərində milli etnoqrafiya, məişət mədəniyyəti, adət-ənənələr tədqiq və təbliğ edilmiş və bir sıra yeni elmi nəticələr əldə edilmişdir.
T.e.d., dosent Solmaz Məhərrəmova 2009-cu ildə "Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi" fəxri adına, iki dəfə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Prezidenti yanında Respublika Ağsaqqallar Şurasının, AMEA Rəyasət Heyətinin, AMEA Rəyasət Heyəti İctimai Elmlər Bölməsinin, AMEA Azad Həmkarlar Komitəsinin, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə YAP Laçın Rayon Təşkilatının, Laçın Rayon Mədəniyyət və Turizm Şöbəsinin Fəxri Fərmanlarına, "Vətən eşqi", "Yeni şans" və "Azərbaycan əsgəri" qəzetlərinin, habelə "Mediya Araşdırma" və "Azərbaycan və Avropa"nın layihəsi əsasında "Azərbaycan ziyalısı" fəxri diplomlarına, "Qafqaz-Media" İctimai Birliyinin təsis etdiyi "Xarı Bülbül" medalına layiq görülmüş və təşəkkürlər almışdır.
2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvü olan Solmaz xanım çoxsaylı ictimai tədbirlərdə iştirak etmiş, cəmiyyətimizi düşündürən və həllini gözləyən bir sıra problemləri işıqlandırmışdır.
Respublikamızın vətənpərvər ziyalısı, tarix elmləri doktoru, dosent Məhərrəmova Solmaz Səttar qızını 75 yaşı münasibətilə təbrik edir, can sağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq.
Bədircahan Məmmədova,
AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi