08 noyabr 2024-cü il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Masallı Rayon İcra hakimiyyətinin təşklatçılığı ilə 8 noyabr “Zəfər Günü” və “Şuşa Şəhəri Günü” ilə əlaqədar “Sənə Zəfər Yaraşır, Azərbaycan” adlı konfrans keçirilmişdir.
Konfransdan öncə tədbir iştirakçıları Masallı şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini və “Qəhrəmanlar Parkı - Şəhidlər Abidə Kompleksi”ni ziyarət edərək Ümumilli Lider və Şəhidlərimizə ehtiramlarını bildirərək pnünə tər gül dəstələri qoymuş və ruhlarına dualar etmişlər.
“Sənə Zəfər Yaraşır, Azərbaycan” adlı konfrans Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanılaraq eyni adlı videoçarx izlənildi.
Konfrans iştirakçılarını salamlayan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxışında qeyd etmişdir ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təcavüz aktından sonra Azərbaycan Respublikası BMT-nin Nizamnaməsinin verdiyi özünümüdafiə hüququndan istifadə edərək, təcavüzkarı sülhə məcbur etmək, Azərbaycan torpaqlarının işğalına son qoymaq məqsədi ilə əks-hücum əməliyyatına başlamış və zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir.
Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur.
“Dəmir Yumruq” əməliyyatı ilə Azərbaycanın yeni tarixi yazıldı. Bu zəfər müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin və Azərbaycan xalqının qələbə əzminin əyani təsdiqi oldu.
Azərbaycan xalqı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam edir. Biz qalib ölkənin qalib vətəndaşları olmağın qürurunu yaşayırıq. Bu şanlı tarix təkcə bizim üçün yox, gələcək nəsillər üçün də qürur mənbəyi olacaq.
30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə də misli görünməmiş savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.
Sonra çıxış edənlərdən Millət vəkili Məşhur Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi Tural Məmmədov, Şəhid atası Qorxmaz Novruzov, 44 Günlük Vətən Müharibəsinin iştirakçısı, ehtiyatda olan mayor Bəhruz Mehbalıyev və Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, QMİ-nin Masallı rayonu üzrə Qazısı Rəşid Talıbov bildirmişlər ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Hərbçilərimizin psixoloji hazırlığı, vətənpərvərlik hissi, döyüş ruhu çox yüksəkdir və tarixi zəfərimizlə bütün beynəlxalq ictimaiyyət bir daha bunun canlı şahidi oldu. 44 günlük Vətən müharibəsiylə biz bütün dünyaya göstərdik ki, yenilməz xalqıq. Müzəffər Ali Baş kamandan Cənab İlham Əliyevin Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqa müraciətində bildirdiyi kimi, müharibə kimin-kim olduğunu ortaya qoydu: “Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir”. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, ermənilərin törətdiyi soyqırımlar zamanı həlak olan günahsız insanlarımızın qisası döyüş meydanında alındı, işğalçı Ermənistanın layiq olduğu yer göstərildi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında güclü ordumuz, rəşadətli əsgər və zabitlərimiz oldu. 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq!
Konfrans Masallı Mədəniyyət Mərkəzinin rəngarəng konsert proqramı ilə yekunlaşdı.